“Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişikliklər üçüncü oxunuşda qəbul olunub
Milli Məclis “Tibbi sığorta haqqında” qanuna təklif olunan dəyişiklik layihəsi üçüncü oxunuşda qəbul edib.
“ENA” xəbər verir ki, dəyişiklik barədə Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib.
O qeyd edib ki, 2020-ci ilin yanvarın 1-dən dövlət tərəfindən bütün əhali üzrə təqvim ili üçün adambaşına 90 manat icbari tibbi sığorta haqqının ayrılması nəzərdə tutulur.
Həmçinin dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqının tutulması müəyyən olunub.
Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən isə aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 1%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqının ödənilməsi müəyyənləşdirilib.
İcbari tibbi sığorta fondunun büdcəsi artıq proqnozlaşdırılıb, gəlir və xərc istiqamətləri müəyyənləşdirilib. Dövlət büdcəsi tərəfindən adambaşına illik 90 manat olmaqla, ümumilikdə 900 mln. manat, işçi və işəgötürənlərdən hər biri üzrə 229 mln. manat, digər mənbələrdən 185 mln. manat vəsaitin toplanılması proqnozlaşdırılır.
Xatırladaq ki, gələn ildən icbari tibbi sığortanın ölkədə mərhələli şəkildə tətbiq olunacaq. Gələn ilin 1 yanvar tarixindən icbari tibbi sığorta haqlarının toplanılması nəzərdə tutulur.
İcbari tibbi sığortanın tətbiq ediləcəyi və edilməyəcəyi ərazilərdə fəaliyyət göstərən tibb müəssisələri arasındakı əsas fərq onların maliyyələşdirilməsi mexanizmi ilə bağlı olacaq. Belə ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) sığortanın tətbiq ediləcəyi tibb müəssisələrini göstərdikləri tibbi xidmətlərin həcminə əsasən maliyyələşdirəcək. İcbari tibbi sığorta tətbiq edilməyən tibb müəssisələrində isə maliyyələşmə müəssisənin saxlanma xərcləri üzrə aparılacaq.
Dövlət büdcəsi tərəfindən ödənilən adambaşına illik 90 manat vəsait də eyni qaydada mərhələlərə bölünməklə sığortahaqqı və ya saxlanma xərcləri qaydasında Agentliyə ödəniləcək. Həmin vəsaitlər vətəndaşların xidmətlər zərfi çərçivəsində tibbi xidmət əldə etmələri ilə yanaşı, tibb müəssisələrinin hazır olması üçün lazım olan sərmayə qoyuluşlarına, informasiya texnologiyaları infrastrukturunun gücləndirilməsinə yönəldiləcək.
İcbari tibbi sığorta tətbiq edilməyən ərazilərdə tibbi xidmətlərdən yararlanmaq məsələsinə gəldikdə, əhali qanunvericilikdə nəzərdə tutulmuş qaydada tibbi xidmətlərdən istifadə etməyə davam edəcək.
Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək.