Sosial iqtisadiyyat

Əli Həsənova yeni vəzifə verildi

Baş nazirin sabiq müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Həsənov Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinə üzv qəbul edilib.

Bu barədə məlumatı icmanın İdarə Heyətinin üzvü, deputat Elman Məmmədov da təsdiqləyib. O qeyd edib ki, Əli Həsənovun İdarə Heyətinə üzv qəbul edilməsi ayın əvvəlində keçirilən iclasda təsdiq edilib:

 “Ayın əvvəlində İdarə Heyətinin iclası çağırıldı. Həmin iclasda Əli Həsənov özü də iştirak edirdi və onun üzv qəbul edilməsi təsdiqləndi”.

“Əli Həsənov dövlətçilik, idarəçilik, rəhbərlik təcrübəsinə malik insandır. O, Yeni Azərbaycan Partiyasının da sədr müavinidir. Eyni zamanda,  uzun illər müxtəlif sahələrdə uğurlu fəaliyyət göstərib. O, həmişə Heydər Əliyev siyasətinə sədaqəti ilə seçilib. Onun Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü seçilməsi icmanın işinin daha da fəallaşmasına köməkdir”, – Elman Məmmədov əlavə edib.

İcmadan  verilən digər məlumatda isə Əli Həsənovun İdarə Heyətinə üzvlüyü məsələsinin dekabr ayının sonunda təsdiqlənəcəyi bildirilib:

“Hələlik bu, rəsmi məlumat deyil. Dağlıq Qarabağın Azərbaycanlı icmasının dekabrın sonunda üçüncü qurultayı keçiriləcək. Sözügedən məsələyə həmin qurultayda baxılacaq”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)