"Vətəndaş taksi sifarişi verirsə, niyə fermer traktor sifariş verə bilməsin?”
“Aqrolizinq” ASC-nin texnikalarından daha səmərəli istifadə olunması məqsədilə yeni innovativ layihə üzərində iş aparılır.
Bunu “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin informasiya və elektron xidmətlər şöbəsinin müdiri Ayaz Qədirov deyib.
Onun sözlərinə görə, fermerlərin kənd təsərrüfatı texnikalarına dair tələbatının təmin edilməsi üçün səhmdar cəmiyyətin müvafiq şöbələri tərəfindən təxirəsalınmaz işlər aparılır və real vaxt rejimində onlara dəstək göstərilir: “Xüsusi qruplar yaradılaraq yerlərə ezam edilir, Çağrı Mərkəzi və qurum daxilində “Qaynar xətt” fəaliyyət göstərir. Bunlarla yanaşı, ölkədə olan texnikalardan daha səmərəli istifadə etmək üçün yeni innovativ layihə üzərində işlər aparılır. Layihənin məqsədi vahid mexanizator reyestrinin formalaşdırılması, fermer mexanizator münasibətlərinin elektronlaşdırılmasıdır. Burada məsələ nədən ibarətdir? Təsəvvür edin ki, bir fermerin 5 hektar yeri var və ona aqrotexniki xidmət göstərilməlidir. Həmin fermer mobil applikasiya vasitəsi ilə sistemə daxil olaraq ölkə üzrə mövcud texnika və mexanizatorlar üzrə axtarış verir və qeyd etdiyi axtarış parametrləri üzrə ona vahid bir sistemdən məlumatlar təqdim edilir. Növbəti mərhələdə sistemdə şərtlərə tanış olaraq sifarişi formalaşdırır. Bu, bir növ taksi sifarişinə bənzəyir. Biz düşünürük ki, əgər vətəndaş taksi sifarişi verirsə, niyə fermer, məhsul istehsalçısı traktor və ya kombayn sifariş verə bilməsin?”.