Ombudsmanlığa namizədlər - Aralarında Siyavuş Novruzovun xanımı da var
![](https://ena.az/uploads/news/2019-11/_ena_42c59ceb84193ba7f26a6fdd2_o.jpg)
Xəbər verdiyimiz kimi, sabah Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında yeni Ombudsmanın seçilməsi məsələsinə baxılacaq. Səlahiyyət müddəti başa çatan Elmira Süleymanovanın yerinə üç xanımın namizədliyi irəli sürülüb.
Eləcə də bax: Elmira Süleymanova: "Məlumatlıyam, rahat olun"
"ENA" namizədlər barədə məlumatı təqdim edir:
Ombudsmanlığa namizəd 1980-ci il təvəllüdlü Əliyeva Səbinə Yaşar qızı 3-cü dərəcəli Dövlət müşavidirir. İxtisasca hüquqşunas olan Əliyeva eyni zamanda hüquq üzrə fəlsəfə doktorudur. O, 2013-cü ildə Prezident İlham Əliyev tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. Səbinə Əliyeva millət vəkili Siyavuş Novruzovun həyat yoldaşıdır.
Digər namizəd Abıyeva Kəmalə Nəbi qızı isə 1979-cu il təvəllüddür. O, Apellyasiya Məhkəmənin sədrinin müavinidir. 2000-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunu olan Abıyeva, daha sonra BDU-da magistratura səviyyəsində təhsil alıb. 2000-2006-ci illərdə İqtisad Məhkəməsində məhkəmə iclas katibi, 2006 - 2008-ci illərdə isə Ali Məhkəmədə məsləhətçi, məhkəmə iclas katibi vəzifələrində çalışıb. O, daha sonra Ali Məhkəmədə hakim köməkçisi, 32 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi olub. 2013-cü ildə hakim kimi Bakı Apellyasiya Məhkəməsinə gələn Kəmalə Abıyeva 2018-ci ildə sədr müavini təyin olunub.
3-cü xanım namizəd Kəmalə Əlieyva isə Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiridir. 1980-ci il təvəllüdlü Kəmalə Əliyeva da BDU-nun hüquq fakültəsinin məzunudur. O, 2015-ci ildən hazırkı vəzifəsindədir.