Sənaye

SOCAR-ın neft və qaz hasilatının maya dəyəri açıqlanıb

2018-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə 1 ton neftin istehsal maya dəyəri 117,92 manat, 1000 kubmetr qazın faktiki istehsal maya dəyəri isə 57,60 manat təşkil edib.

ENA.az xəbər verir ki, bu barədə şirkətin 2018-ci il üzrə illik hesabatında qeyd edilib.

Neft hasilatının maya dəyəri 2017-ci illə müqayisədə 6,5 manat və ya 5,8% artıb, qaz hasilatının maya dəyəri isə 4,59 manat və ya 7,4% azalıb.

Bildirilib ki, neftin maya dəyərinin artması keçən ilə nisbətən material xərclərinin, əmək haqqının, sosial sığorta xərclərinin, nəqliyyat xərclərinin, mühafizə xərclərinin, mədən vergisinin, digər vergilərin, digər xidmətlərin artması hesabına baş verib. Belə ki, material xərcləri 7 404 min manat (31,1%), əmək haqqı xərcləri 13 093 min manat (11,7%), sosial sığorta xərcləri 2 792 min manat (12,4%), nəqliyyat xərcləri 1 756 min manat (1,4%), mühafizə xərcləri 672 min manat (5,1%), mədən vergisi 947 min manat (1,4%), digər vergilər 3 973 min manat (10,1%), digər xidmətlər 10 350 min manat (22,4%) artıb.

Qazın maya dəyərinin azalması keçən ilə nisbətən əsas vəsaitlərin amortizasiyası, əsaslı təmir və texniki xidmət xərclərinin, digər xidmətlər üzrə xərclərin və digər xərclərin azalması hesabına baş verib. Belə ki, əsas vəsaitlərin amortizasiyası 1 765 min manat (2,1%), əsaslı təmir xərcləri 4 071 min manat (21,7%), texniki xidmət xərcləri 7 190 min manat (21,7%), digər xidmətlər üzrə xərclər 3 029 min manat (24,6%), digər xərclər üzrə xərclər 3 170 min manat (43,7%) azalıb.

Bildirilib ki, şirkət üzrə neftin hasilatına çəkilən cəmi istehsal xərclərinin tərkibində material xərclərinin xüsusi çəkisi 4%, əmək haqqı 16,1%, sosial sığorta fonduna ayırmalar 3,3%, amortizasiya ayırmaları 16,8%, təmir xərcləri 5,4%, texniki xidmət xərcləri 9,6%, nəqliyyat xərcləri 16,5%, mədən vergisi 8,9% və s. təşkil edir.

Şirkət üzrə qaz hasilatına çəkilən cəmi xərclərin tərkibində material xərclərinin xüsusi çəkisi 4,2%, əmək haqqı 9,7%, sosial sığorta fonduna ayırmalar 2%, amortizasiya ayırmaları 26%, təmir xərcləri 4,7%, texniki xidmət xərcləri 8,3%, nəqliyyat xərcləri 16,7%, mədən vergisi 18,4% və s. təşkil edir.

Şirkət üzrə 1000 kubmetr əmtəəlik qazın maya dəyəri 2017-ci illə müqayisədə 4,59 manat (7,4%) azalıb. SOCAR üzrə qazın hasilatına çəkilən xərclərlə yanaşı, Hasilatın Pay Bölgüsü Sazişinin şərtlərinə görə ƏŞ-dən alınan qazın dəyəri, qazın emalı, saxlanması və nəqlinə çəkilən xərclər nəzərə alınmaqla 2018-ci ildə SOCAR üzrə satılan 1000 kubmetr qazın faktiki xərci 155,75 manat təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)