Ağdaşda 48 mənzilli yaşayış binası tikiləcək - SƏRƏNCAM
Prezident İlham Əliyev Ağdaş şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında sərəncam imzalayıb.
"ENA"nın məlumatına görə, sərəncam Ağdaş şəhərində fin tipli, istismara yararsız evlərdə və XIX əsrə aid yerli əhəmiyyətli tarixi abidə olan “Qarabəy karvansarayı”nda ötən əsrin ortalarında məskunlaşmış sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi daşıyır.
Sərəncamla Ağdaş şəhərində qəzalı vəziyyətdə olan evlərdə məskunlaşmış sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağdaş Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.
Sərəncamda qeyd olunub ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində Ağdaş rayonunda bir sıra sosialyönümlü infrastruktur layihələri həyata keçirilib, o cümlədən Rayon Mərkəzi Xəstəxanası, Olimpiya İdman Kompleksi, Bayraq Meydanı, Habil Əliyev adına 500 şagird yerlik yeni musiqi məktəbi inşa edilib, 39 ümumtəhsil müəssisəsində təmir-tikinti işləri aparılıb. Bundan başqa, şəhərin su təchizatı sistemi, 110/35/10 kV-luq 2X25 MVA gücündə “Ağdaş” yarımstansiyası yenidən qurulub, Biyan Sənaye Parkının biyan tədarükü və emalı, bitki ekstraktı və sirop istehsalı zavodları və digər iri istehsal və emal müəssisələri yaradılıb, 13 mindən çox yeni iş yeri açılıb, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılıb, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb.