Azərbaycan ən yaxşı turistik istiqamətlər üzrə ilk "5-lik"də
Azərbaycan "Lonely Planet" yol bələdçisinin versiyasına görə, 2020-ci ildə ziyarət edilməli olan ən yaxşı turistik istiqamətlər arasında ilk "5-liy"ə daxil olub.
"ENA" bələdçiyə istinadən xəbər verir ki, siyahıda 10 ölkə yer alıb.
Turistik istiqamətləri qiymətləndirərkən "Lonely Planet" əsas meyar kimi xərclənən vəsaitin alınan təəssüratlarla uyğunluğunu götürüb.
“Azərbaycan heç də tipik olmayan Avropa istirahətidir. Yüksək keyfiyyətli yaşayış yerləri, qida və təəsüratlarla maraqlı və sürətlə dəyişən ölkəni çox aşağı qiymətə araşdıra bilərsiniz", - "Lonely Planet"in rəsmi saytında dərc olunan məqalədə deyilir.
Siyahıda ilk yeri İndoneziyanın vilayəti - Şərqi Nusa Tenqqara tutub. Onun ardınca Budapeşt (Macarıstan), Madhya Pradeş (Hindistan), Buffalo (ABŞ) və Azərbaycan gəlir.
Siyahıya həmçinin Serbiya, Tunis, Keyptaun (Cənubi Afrika), Afina (Yunanıstan) və Zənzibar (Tanzaniya) da düşüb.