Hadi Rəcəbli DSMF ilə bağlı açıqlamasına aydınlıq gətirdi
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Bakıda keçirilən MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının XXXII iclasındakı çıxışına aydınlıq gətirib.
Deputat açıqlamasında deyib ki, iclasda Azərbaycanla Rusiya arasında olan qarşılıqlı konvensiyalardan, ölkələrarası müqavilələrdən danışıb.
“O müqavilələrdən biri də Rusiya ilə Azərbaycan arasında olan sazişdir. Rusiyada çalışan Azərbaycan vətəndaşları oradan qeydiyyatdan çıxıb Azərbaycanda qeydiyyata düşərkən bəzi çətinliyi olur.
Belə ki, onlara pensiya hesablananda Rusiyada sığorta haqqı ödəmiş vətəndaşımız bizim sistemdə həmin vəsaiti rəsmi göstərə bilmir. Buna uyğun olaraq da ona pensiya ödənilmir”, - deyə H.Rəcəbli bildrib.
Onun sözlərinə görə, Rusiya Sığorta Fondundan həmin vətəndaşlar üçün Azərbaycanın müvafiq strukturuna vəsaitlər köçürülməsi istənilib.
“Bu gün həmin müqaviləyə yenidən baxılması tövsiyə olunur. Rusiya dövlətindən istədiyimiz odur ki, vətəndaşımızın ora üçün ödədiyi sığorta haqqını bizim sığorta fondumuza köçürsün”.