TURİZM

Turoperatorların gəlirləri çoxalıb

Azərbaycanda səyahət agentlikləri və turoperatorların əldə etdiyi gəlirin miqdarı artıb.

ENA.az xəbər verir ki, 2013-cü ildə səyahət agentlikləri və turoperatorlar 29 600,9 manat gəlir əldə etdiyi halda, 2018-ci ildə bu məbləğ 56 439,4 manata çatıb.

Ötən müddətdə səyahət agentlikləri və turoperatorların da sayı artıb. 2013-cü ildə səyahət agentlikləri və turoperatorların sayı 197, 2018-ci ildə 374 olub.

Xatırladaq ki, 2015-ci ildə Azərbaycanda turizm fəaliyyəti üzrə lisenziya ləğv edilib.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin sözlərinə görə, turizm fəaliyyəti üzrə lisenziya ləğv edildiyindən şirkətlərin işinə nəzarət etmək bir qədər çətindir.

Turizm şirkətlərinə nəzarət mexanizminin qurulması ilə bağlı təkliflərin mahiyyətini açıqlayan F.Nağıyev bildirib ki, turizm şirkətlərinin ilk növbədə sığorta mexanizmləri olmalıdır. Onların fəaliyyəti müəyyən kriteriyalara cavab verməlidir: "Sığorta şirkətinin müəyyən qədər vəsaiti olmalıdır ki, riskləri qarşılaya bilsin. Sabah hər hansı risk baş verdikdə, dövlət onu öz üzərinə götürməsin".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)