AÇQ-də yeni platformanın inşası çərçivəsində iki müqavilə imzalanıb
"BP Exploration" Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi çərçivəsində "Mərkəzi-Şərqi Azəri" platformasının tikintisi layihəsi üçün "Subsea7" şirkəti ilə ümumi dəyəri 50 milyondan 150 milyon dollara qədər olan iki müqavilə imzalayıb.
ENA.az xəbər verir ki, bu barədə "Subsea7" şirkətinin rəsmi saytında dərc olunan məlumatda bildirilib.
Müqavilə çərçivəsində sualtı qurğuların layihələndirilməsi və istehsalı, çarxların daşınması və quraşdırılması, 16200 ton daşıma qabiliyyəti olan dayaq blokunun işə salınması və 18500 ton daşıma qabiliyyəti olan üst tikilinin quraşdırılması nəzərdə tutulur. "Mərkəzi-Şərqi Azəri" layihəsi çərçivəsində, təxminən, 140 metr dərinlikdə "Mərkəzi Azəri" və "Şərqi Azəri" platformaları arasında hasilat, qazma platforması və yaşayış bloku inşa ediləcək.
"BOS Shelf" avadanlıqların istehsalına, logistikasına və dəstəyinə cavabdeh olacaq.
Mühəndislik işləri "Subsea7" şirkətinin Fransadakı ofisindən aparılır və yatağın dənizdə istifadəyə verilməsinin 2021–2022-ci illərdə baş tutacağı gözlənilir.
Xatırladaq ki, “Mərkəzi-Şərqi Azəri” platforması üzrə yekun investisiya qərarı bu il aprelin 19-da qəbul olunub.