"Gömrük-sərhəd buraxılış məntəqələrinin fasiləsiz işləməsi mümkündür"
Dövlət Gömrük Komitəsinin Gömrük Postlarına Nəzarət Baş İdarəsinin rəisi Şahin Ələsgərovun müsahibəsi
- Şahin müəllim, bu gün Azərbaycanda ümumilikdə neçə gömrük-keçid postu fəaliyyət göstərir? Bu postların fəaliyyəti ümumən nədən ibarətdir?
- Bu gün Respublika ərazisində piyadaların, minik və yük nəqliyyat vasitələrinin, eləcə də avtobusların müxtəlif istiqamətlər üzrə sərhəd keçidinin təmin edilməsi üçün regional baş gömrük idarələrinin tabeliyində 18 gömrük-sərhəd buraxılış məntəqəsi (Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin tabeliyində olan gömrük postları istisna olmaqla) fəaliyyət göstərməkdədir. Qeyd olunan gömrük postlarında əsasən gömrük sərhədindən keçən malların və nəqliyyat vasitələri üzərində gömrük nəzarətinin həyata keçirilməsinin məlumatlandırma və qeydiyyat, sənədli nəzarət və çatdırılmaya nəzarət mərhələlərinə uyğun olaraq gömrük orqanları tərəfindən aidiyyəti işlər həyata keçirilir.
Belə ki, gömrük postlarının əsas fəaliyyəti ölkə ərazisinə daxil olan, bu ərazini tərk edən, o cümlədən gömrük ərazisi vasitəsilə tranzit keçirilən bütün növ nəqliyyat vasitələrinin gömrük işinə dair qanunvericiliyə uyğun olaraq qeydiyyatının aparılması, həmin nəqliyyat vasitələrinin, eləcə də sərnişin keçid xəttləri vasitəsilə hərəkət edən sərnişinlərin əl yüklərinin və müşayiət olunan baqajlarının sənədli və digər üsullarla yoxlanılmasından ibarətdir.
Bildiyiniz kimi, ölkə Prezidentinin Azərbaycan dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir pəncərə" prinsipinin tətbiqi haqqında 11 noyabr 2008-ci il tarixli, 12 saylı Fərmanı ilə Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir pəncərə" prinsipi üzrə malların və nəqliyyat vasitələrinin sənədlərinin, o cümlədən malların baytarlıq, fitosanitar, gigiyenik və digər sertifikatlarının (şəhadətnamələrinin), qida məhsullarına münasibətdə qida təhlükəsizliyi sertifikatının, onların istehsalçılarının qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair dövlət reyestrindən çıxarışın yoxlanılması gömrük orqanları tərəfindən həyata keçirilir və ərazisində heyvanların xüsusi təhlükəli xəstəliklərinin baş verməsi qeydə alınan qonşu ölkələrdən Azərbaycan ərazisinə keçən nəqliyyat vasitələrinin baytarlıq qanunvericiliyində müəyyən edilmiş qaydada və müddətdə məcburi dezinfeksiya edilməsi işləri həyata keçirilir.
- Bu ilin 8 ayı ərzində ölkənin 5 əsas gömrük-sərhəd buraxılış məntəqəsindən (“Qırmızı Körpü”, “Samur”, “Mazımçay”, “Astara” və “Biləsuvar” gömrük postları) nə qədər insan keçib və bu rəqəm ötən illə müqayisədə necə dəyişib?
- Cari ilin yanvar-avqust aylarında qeyd olunan gömrük-sərhəd buraxılış məntəqələri üzrə 3 663 567 nəfər Azərbaycan vətəndaşı, 2 122 189 nəfər əcnəbi vətəndaş olmaqla ümumilikdə 5 785 756 nəfər daxil olub və 3 709 945 nəfər azərbaycan vətəndaşı, 2 102 935 nəfər əcnəbi vətəndaş olmaqla ümumilikdə 5 812 880 nəfər gömrük ərazisini tərk edib.
Qeyd etmək istərdim ki, keçən ilin müvafiq dövründə 3 011 132 Azərbaycan vətəndaşı, 1 957 299 nəfər əcnəbi vətəndaş olmaqla ümumilikdə 4 968 431 nəfər ölkənin gömrük ərazisinə daxil olmuş və 3 066 682 nəfər Azərbaycan vətəndaşı, 1 945 664 nəfər əcnəbi vətəndaş olmaqla ümumilikdə 5 012 346 nəfər gömrük ərazisini tərk edib.
Rəqəmlərdən də göründüyü kimi, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 8 ayı ərzində ölkənin gömrük ərazisinə qeyd olunan gömrük-sərhəd buraxılış məntəqələrindən daxil olan vətəndaşların sayında 817 325 nəfər və ya 17%, həmin buraxılış məntəqələri vasitəsilə gömrük ərazisini tərk edən vətəndaşların sayında isə 800 534 nəfər və ya 16% artım qeydə alınıb.
- Ölkənin 5 əsas gömrük sərhəd buraxılış məntəqəsindən (“Qırmızı Körpü”, “Samur”, “Mazımçay”, “Astara” və “Biləsuvar” gömrük postları) 2019-cu ilin 8 ayı ərzində nə qədər nəqliyyat vasitəsi, minik avtomobili və yük maşını keçib? Mümkündürsə, bu rəqəmləri də ötən ilin eyni dövrü ilə müqayisəsini deyərdiniz.
- İlk öncə onu qeyd etmək istərdim ki, Baş İdarə qarşısında qoyulan əsas məsələ ən qabaqcıl beynəlxalq metodlardan istifadə etməklə, kadr potensialını artırmaqla, tətbiq olunan prosedur və əməliyyatları sürətləndirməklə gömrük-sərhəd buraxılış məntəqələrinin buraxılış qabiliyyətini artırmaqdır. Bu işdə də təbii ki, statistik məlumatların və göstəricilərin təhlilinin aparılması, zəif sahələrin müəyyən edilməsi (diaqnoz qoyulması) və həllinə fokuslanmaq üçün tədbirlər planı müəyyən etmək olduqca vacib məsələlərdəndir.
Baş İdarədə qeyd olunan göstəricilərin, həmçinin gömrük-sərhəd buraxılış məntəqələrində xidmət aparan əməkdaşların fəaliyyətinin gündəlik təhlili ilə məşğul olan şöbə fəaliyyət göstərir. Bu təhlil müəyyən edilmiş dövr (gün, ay, rüb, yarımil və s.), hər gömrük-sərhəd buraxılış məntəqəsi, gömrük sərhədini keçmə istiqaməti (ölkəyə gəlmə, getmə və tranzit keçmə) və nəqliyyat vasitələrinin növü (minik, yük və avtobuslar) üzrə həyata keçirilir.
Verdiyiniz sual ilə əlaqədar olaraq bildirmək istərdim ki, cari ilin yanvar – avqust ayları ərzində qeyd etdiyiniz gömrük-sərhəd buraxılış məntəqələrindən 174 216 ədəd yük nəqliyyat vasitəsi, 407 575 ədəd minik nəqliyyat vasitəsi və 14 563 ədəd sərnişin avtobusları ölkə ərazisinə daxil olub. Məlumat üçün bildirirəm ki, ötən ilin müvafiq dövründə bu göstəricilər yük nəqliyyat vasitələri üzrə 154 330 ədəd, minik nəqliyyat vasitələri üzrə 296 160 sərnişin avtobusları üzrə isə 12 051 ədəd təşkil edib.
Göstəricilərdən də göründüyü kimi, ötən ilin müvafiq dövrü ilə müqayisədə yük nəqliyyat vasitələri üzrə 19 886 ədəd və ya 13%, minik nəqliyyat vasitələri üzrə 111 415 ədəd və ya 38% və sərnişin avtobusları üzrə 2 512 ədəd və ya 21% olmaqla, ümumilikdə nəqliyyat vasitələrinin sayında 133 813 ədəd və ya 29% artım qeydə alınıb.
Gömrük ərazisini tərk edən nəqliyyat vasitələri ilə əlaqədar olaraq bildirmək istərdim ki, cari ilin yanvar – avqust ayları ərzində qeyd etdiyiniz gömrük-sərhəd buraxılış məntəqələrindən ümumilikdə 168 508 ədəd yük nəqliyyat vasitəsi, 390 951 ədəd minik nəqliyyat vasitəsi və 14 307 ədəd sərnişin avtobusları ölkə ərazisini tərk edib.
Ötən ilin müvafiq dövründə bu göstəricilər yük nəqliyyat vasitələri üzrə 150 188 ədəd, minik nəqliyyat vasitələri üzrə 287 286 ədəd və sərnişin avtobusları üzrə 11 284 ədəd təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə yük nəqliyyat vasitələri üzrə 18 320 ədəd və ya 13%, minik nəqliyyat vasitələri üzrə 103 665 ədəd və ya 36% və sərnişin avtobusları üzrə 3 023 ədəd və ya 27% olmaqla, ümumilikdə 125 008 ədəd və ya 28% daha çox nəqliyyat vasitəsi ölkə ərazisini tərk edib.
Yuxarıda qeyd olunanlarla yanaşı cari ilin ilk 8 ayını 2017-ci ilin müvafiq dövrü ilə müqayisə etsək, deyə bilərik ki, bu artım yük nəqliyyat vasitələrinin sayında 38%, minik nəqliyyat vasitələrinin sayında 58%, sərnişin avtobuslarının sayında isə 27% təşkil edib.
Qeydə alınmış göstəricilərdən də göründüyü kimi bütün gömrük-sərhəd buraxılış məntəqələri üzrə nəqliyyat vasitələrinin sayında böyük artım tendensiyası müşahidə olunur.
- Gömrük-keçid məntəqəsində ictimaiyyətin marağı səbəb ola biləcək çox maraqlı hadisələr olur. Sizin rastlaşdığınız belə bir hadisəni oxucularımızla bölüşərdiniz?
- Gömrük orqanlarının fəaliyyəti o qədər çoxşaxəli və əhatəlidir ki, gündəlik fəaliyyətimizdə maraqlı hadisələrlə qarşılaşmamaq mümkün deyil. Təxminən bir neçə ay bundan əvvəl gömrük postlarının birində maraqlı bir hadisə baş verib. Belə ki, ölkə ərazisinə daxil olan avtonəqliyyat vasitəsinin sahibi-xarici vətəndaş qanunvericiliklə nəzərdə tutulan yol vergilərinin ödənilməsindən imtina edib, bunun səbəbini öyrənmək istəyən gömrük əməkdaşı maraqlı bir cavabla rastlaşıb. Belə ki, vətəndaş sözügedən nəqliyyat vasitəsini ölkə ərazisində avtomobil yollarından istifadə etmədən idarə etməyi nəzərdə tutduğunu bildirib.
Daha bir maraqlı hadisəni də sizinlə bölüşmək istərdim. Gömrük postlarının birində idxal piyada xəttinə bir nəfər ölkə vətəndaşı diplomatla daxil olub və gömrük orqanları həmin diplomatın baxış rentgen qurğusundan keçirilməsini tələb ediblər. Vətəndaş isə öz növbəsində qanunvericiliyin tələbinə görə “diplomatlar”ın gömrük yoxlamasından azad olduğunu deyərək həmin diplomatı gömrük yoxlamasına təqdim etməkdən imtina etməyə çalışıb. Nəticədə vətəndaşın əl baqajı yoxlanılaraq içərisində şəxsi əşyaların olduğu müəyyən edilib.
- Bu gün Azərbaycanda əksər gömrük-keçid postları 24 saat fəaliyyət göstərirlər. Ancaq hələ də elə postlar var ki, 24 saatlıq iş rejiminə keçməyiblər. Belə postlar hansılardır və bu postların 24 saat işləməməsinə səbəb nədir? Yaxın zamanlarda daha hansı sərhəd-keçid postları və məntqələri 24 saatlıq iş rejiminə keçməsi gözlənilir?
- Respublika ərazisindən piyadaların, minik, yük nəqliyyat vasitələrinin, eləcə də sərnişin avtobuslarının müxtəlif istiqamətlər üzrə hərəkətinin həyata keçirildiyi əsas gömrük postlarının sutkalıq iş rejimində fəaliyyəti artıq təşkil edilib. 24 saatlıq iş rejimində fəaliyyət göstərməyən gömrük postlarını Şimal Ərazi Baş Gömrük İdarəsinin tabeliyində “Şirvanlı” və “Zuxul”, Cənub Ərazi Baş Gömrük İdarəsinin tabeliyində olan “Horadiz”, Qərb Ərazi Baş Gömrük İdarəsinin tabeliyində olan “Muğanlı” və “Sadıxlı” gömrük postlarıdır.
Bütün gömrük sərhəd buraxılış məntəqələrinin fəaliyyətini 24 saatlıq iş rejimində təşkil etmək mümkündür və bunun üçün maddi texniki bazamız kifayət qədərdir. Lakin gömrük sərhəd buraxılış məntəqəsinin sutkalıq iş rejimində fəaliyyətini təmin etmək müqabil ölkə ilə qarşılıqlı qaydada razılaşdırılmalıdır və sözsüz ki, bu işdə bir neçə amillər nəzərə alınmalıdır.
Bunlardan əsasları postun 24 saat fəaliyyət göstərməsində ehtiyyacın zəruriliyi, iqtisadi səmərəliliyi, qarşılıqlı infrastruktur imkanları və müqabil tərəflərin iradəsi və səyindən ibarətdir.
Qeyd etmək istərdim ki, bu yaxınlarda Rusiya Federasiyasının Şimal Qafqaz Gömrük İdarəsi ilə birgə əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə Rusiyanın Dərbənd şəhərində təşkil edilmiş görüşdə iştirak etdik və qeyd olunan görüşdə həmsərhəd ölkənin gömrük postlarından mallların və nəqliyyat vasitələrinin sürətli keçidi ilə əlaqədar fəaliyyətin koordinasiya edilməsi, eyni zamanda “Şirvanlı” və “Xanoba” gömrük-sərhəd buraxılış məntəqələrindən malların və nəqliyyat vasitələrinin buraxılış qabiliyyətinin artırılması üzrə müzakirələr aparılıb həmçinin bununla əlaqədar fəaliyyət planı da təsdiq olunma mərhələsindədir.
- Məlumdur ki, “Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək” layihəsi çərçivəsində BMT-nin icraçılığı ilə Ticarətin Asanlaşdırılması Mərkəzi (Trade Facilitation Unit) inşa edilib. Daha hansı digər postlarla belə layihələrin həyata keçirilməsi planlaşdırılır və ya həyata keçirilməsi nəzərdə tutulur?
- Avropa İttifaqının İnteqrə edilmiş Sərhəd İdarəçiliyi üzrə Şərq Tərəfdaşlığı Paneli çərçivəsində “Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək” layihəsinin tətbiqinə 2016-cı ildən başlanılıb. Qeyd olunan layihə daşımaların təhlükəsizliyin təmin edilməsi, mal və nəqliyyat vasitələrinin axının tənzimlənməsi sahəsində Dövlət Gömrük Komitəsinin perspektiv planlarının göstəricisidir. Layihə üzrə Ticarətin Asanlaşdırılması Mərkəzi (Trade Facilitation Unit) inşa edilib və qeyd olunan Mərkəz sərhəd-buraxılış məntəqələrində əməliyyat və prosedurların daha da sürətləndirməsi, fitosanitar, sanitar və gömrük nəzarətinin və rəsmiləşdirilməsinin sərhəd-keçid məntəqəsindən kənarda, terminal ərazisində aparılmasına imkan verir. Ərazidə yük boşaltma yerləri, məhsulların saxlanması üçün saxlanc anbarları, elecə də nəqliyyat vasitələri üçün dayanacaq imkanları yaradılmışdır. Bununla yanaşı BMT-nin sözügedən layihəsinə uyğun olaraq digər gömrük-sərhəd buraxılış məntəqələrində də Ticarətin Asanlaşdırılması Mərkəzlərinin yaradılması üzrə imkanlar nəzərdən keçirilir.
- Şahin müəllim, Azərbaycan Rusiya ilə sərhəddə yerləşən “Xanoba” sərhəd-keçid məntəqəsinin inşası ilə bağlı layihənin reallaşması hansı mərhələdədir?
- İlk öncə onu qeyd etmək istərdim ki, “Xanoba” gömrük-sərhəd buraxılış məntəqəsinin inzibati binası 1995-ci ildə, köməkçi tikililəri isə 2001-ci ildə inşa edilmişdir və bugün inkişaf edən Azərbaycanda ticarət dövriyyəsinin və tranzit keçən nəqliyyat vasitələrinin günü gündən artdığını nəzərə alaraq həmin postun, o cümlədən Rusiya ilə sərhəddə yerləşən “Şirvanlı” gömrük postunun beynəlxalq standartların tələbləri əsasında infrastrukturun genişləndirilməklə yenidən qurulmasına zərurət yaranmışdır. Bununla əlaqədar qeyd olunan postlarla bağlı həyata keçirilməsi nəzərdə tutulan işlər layihələndirilərək hökumətə təqdim edilib.
- Bir müddət əvvəl Azərbaycan və Gürcüstan arasında vahid gömrük-sərhəd keçid postunun yaradılması ilə bağlı danışıqlar gedirdi və belə bir layihənin həyata keçirilməsi nəzərdə tutulurdu. Bu gün bu istqamətdə hansı işlər görülür?
- Gürcüstanın Tbilisi şəhərində Azərbaycan və Gürcüstan gömrük xidmətlərinin nümayəndələri arasında keçirilmiş işçi görüşdə Azərbaycan-Gürcüstan dövlət sərhədində “İpək Yolu - Abreşumis Gza” yeni birgə gömrük-sərhəd buraxılış məntəqəsinin inşasının layihələndirilməsi, həmçinin birgə gömrük nəzarətinin təşkilinə dair müzakirələr aparılıb. Bununla əlaqədar hazırlanmış “Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında Azərbaycan Respublikası və Gürcüstan arasında dövlət sərhədindən buraxılış məntəqələri haqqında Saziş” layihəsinin hər iki tərəfdən aidiyyəti dövlətdaxili prosedurları keçərək imzalandıqdan sonra, onun müddəalarına əsasən zəruri mexanizmin həyata keçirilməsi üçün tərəflərin ekspertlərinin iştirakı ilə müvafiq qaydaların hazırlanması barədə razılıq əldə edilib. Aidiyyəti dövlət strukturlarından alınmış rəy və təkliflər nəzərə alınmaqla “Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında dövlət sərhədlərindən buraxılış məntəqələri haqqında Saziş” layihəsinin Dövlət Gömrük Komitəsində ümumiləşdirilmiş son mətni müqabil tərəfə göndərilməsi məqsədilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə göndərilib.
- Daha başqa, hansı ölkə ilə vahid və bir sərhəd-keçid məntəqəsinin yaradılması nəzərdə tutulub?
- İlkin olaraq Gürcüstanla sərhəddə yerləşən gömrük postlarının fəaliyyətində belə təcrübədən istifadə edilməsi istiqamətində müqabil tərəflə danışıqlar aparılır və imkanlar nəzərdən keçirilir.
- Bu il ərzində “Yaşıl dəhliz” buraxılış sistemindən neçə şirkət istifadə edib? Bu sistemin tədbiqi sahibkarlara nə kimi üstünlüklər verdi və Dövlət Gömrük Komitəsinin işini nə qədər asanlaşdırdı?
- Bəli, düşünürəm ki, qaldırdığınız məsələ son dövrlərdə xarici ticarət ilə məşğul olan şəxsləri maraqlandıran ən önəmli məsələlərdən biridir. Məlumat vermək istərdim ki, hazırda idxal əməliyyatları üzrə "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququ verilmiş xarici ticarət iştirakçılarının sayı 275 ixrac əməliyyatları üzrə isə 174-dür. “Yaşıl dəhliz” buraxılış sisteminin daimi istifadəçi hüququnun verilməsi xarici ticarətdə yeni təfəkkürün, könüllü riayət və qarşılıqlı etimad mədəniyyətin formalaşdırılmasına səbəb olub. Qeyd olunan bu yeni mexanizmlə gömrük orqanları qarşısında qanunla yaranmış öhdəliklərini vaxtında və dəqiq həyata keçirən dürüst sahibkarlar malların idxalı və ixracı üzrə bir çox üstünlüklər əldə edirlər ki, bu da onlara gələcəkdə gömrük orqanları tərəfindən göstərilən etimadın doğrultması üçün öz öhdəliklərini şəffaf şəkildə həyata keçirməyə səbəb olur.
Qeyd etdiyim kimi, “Yaşıl dəhliz” buraxılış sisteminin daimi istifadəçiləri idxal və ixrac əməliyyatları üçün bir çox üstünlüklər və güzəştlər nəzərdə tutulub. İdxal üzrə malların şəxsin anbarlarına birbaşa aparılması və gömrük bəyannaməsi təqdim olunduğu təqdirdə, gömrük orqanlarının razılığı əsasında malların daşındığı nəqliyyat vasitələrindən gömrük eyniləşdirmə vasitələrinin (plombların və s.) müstəqil qaydada çıxarılması və malların boşaldılması kimi üstünlüklər əldə edilməsini qeyd edə bilərik. İxrac əməliyyatları üzrə Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ almış şəxslər isə “Yaşıl dəhliz” buraxılış sisteminin daimi istifadəçisinin fəaliyyət zonasını əhatə edən gömrük orqanına getmədən, ixrac olunan mallara və nəqliyyat vasitələrinə dair məlumatları özündə əks etdirən gömrük bəyannaməsini elektron qaydada gömrük orqanlarına təqdim etməklə, malları bəyan etdiyi gömrük-sərhəd buraxılış məntəqəsinə birbaşa göndərməsi, “Yaşıl dəhliz” buraxılış sisteminin daimi istifadəçisinin gömrük orqanlarının tanıdığı eyniləşdirmə vasitələrini (plomblar, möhürlər, ştamplar və sair) müstəqil tətbiq etməsi kimi üstünlüklərdən yararlanırlar. Bununla yanaşı “Yaşıl dəhliz” dəhliz buraxılış sisteminin istifadəçiləri üçün gömrük-sərhəd buraxılış məntəqələrində, həmçinin təyinat yerlərində prioritet xidmət göstərilməsi nəzərdə tutulub ki, bu da əlavə vaxt itkisinin qarşısını alır.
“Yaşıl dəhliz” buraxılış sisteminin daimi istiafədəçisi qismində etibarlı biznes tərəfdaşlarının mövcudluğu gömrük orqanlarına qanunvericiliklə həvalə edilmiş yükün bölüşdürülməsinə və bununla da gömrük işi ilə əlaqədar tətbiq edilən prosedurların və əməliyyatların sadələşdirilməsinə öz töfhəsini verir.
Eyni zamanda məlumat vermək istərdim ki, “Yaşıl dəhliz” buraxılış sisteminin daimi istifadəçilələrinin əksəriyyətinin ticarət dövriyyələri bu sistemin tətbiqindən sonra artıb.