Gürcüstan Azərbaycana gömrük prosedurlarını sadələşdirməyi təklif edir
“Gömrük sahəsində məhsuldar beynəlxalq və regional əməkdaşlıq ölkələrin iqtsiadi rifahı, regional iqtisadi inteqrasiya və tranzit potensialının artırılması üçün çox əhəmiyyətlidir”.
Gürcüstanın maliyyə naziri İvane Maçavarianinin sözlərinə görə, qonşu ölkələrlə elektron informasiya mübadiləsinin həyata keçirilməsi Gürcüstanın uğurlu beynəlxalq əməkdaşlığının nəticəsidir: “Bu gömrük nəzarətinin effektivliyinin artırılması, sərhəd vasitəsilə yüklərin və nəqliyyat vasitələrinin hərəkətinin sadələşdirilməsi deməkdir”.
İ.Maçavarini bildirib ki, Gürcüstan, Türkiyə və Azərbaycan arasında gömrük sahəsində üçtərəfli əməkdaşlıq olduqca vacibdir: “Bu əməkdaşlığa, ilk növbədə, elektron qaydada məlumat mübadiləsi daxildir. Nəqliyyat sənədlərinin uyğunlaşdırılması və rəqəmsallaşdırılması da arzuolunandır. Belə ki, bu, gömrük prosedurlarının sadələşdirilməsinə gətirib çıxaracaq”.
Qeyd edək ki, maliyyə naziri bu gün Gürcüstan-Türkiyə sərhədində yerləşən “Sarpi” gömrük-keçid məntəqəsində yenilənmiş infrastrukturun rəsmi açılış mərasimində iştirak edib.