Sosial iqtisadiyyat

Müvəqqəti idarəetmə qurumu yaradılır - QANUN DƏYİŞDİRİLİR

Sentyabrın 23-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclası keçirilib.

ENA.az xəbər verir ki, Milli Məclis sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov bildirib ki, gündəliyə “Ələt azad iqtisadi zonası haqqında” qanunda dəyişiklik layihəsi daxil edilib.

Qanuna “Keçid müddəaları” adlı yeni 32-ci maddənin əlavə edilməsi təklif olunur. Yeni maddəyə görə, Azad Zona səlahiyyətli qurumu onun İdarə Heyəti formalaşana qədər onun hüquqlarını və vəzifələrini müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan müvəqqəti idarəetmə qurumu həyata keçirir.

Qeyd edilib ki, Azad İqtisadi Zona ərazisində lazımi təşkilati məsələləri həll etmək üçün müvafiq səlahiyyətli qurum olmalıdır.

Bu qurum infrastrukturun yaradılması, kadrların hazırlanması, layihələrin həyata keçirilməsi, ətraf mühit problemlərinin həlli və digər zəruri işlərin yerinə yetirilməsinə xidmət edəcək.

Nəzərdə tutulan düzəliş Ələt Azad İqtisadi Zonasının fəaliyyətinin daha səmərəli olmasını və daha da sürətləndirilməsini nəzərdə tutur.

Sənəd Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department