"Sifariş olsa, ildə 150 elektrobus, 120 taxılbiçən kombayn yığa bilərik"
Ölkəmizin avtomobil istehsalçısı olan Gəncə Avtomobil Zavodu istehsal sahələrini genişləndirir. Zavodun hətta Türkiyədə filialı açılıb. Bu günlər isə müəssisə daha bir yeniliyə imza atıb. Zavodda yeni "E-321” markalı elektrobusun və "PALESSE KZS-575” markalı taxılbiçən kombaynın ilk nümunələri konveyerdən çıxıb. Bununla bağlı zavodun direktoru Kamran Nəzərovun fikirlərini öyrəndik.
- Kamran müəllim, sözsüz ki, qazanılan hər uğurun arxasında gərgin iş dayanır. Yaxşı olar ki, bu barədə bir qədər məlumat verəsiniz.
- Qeyd edim ki, 2004-cü ildə "OKA”, "UAZ”, "CANQAN” minik avtomobillərinin yığımı ilə fəaliyyətə başlayan zavodda indi 40-dan artıq markada müxtəlif texnika istehsal olunur. Onların sırasında iri texnikalar çoxdur. Onu da diqqətə çatdırım ki, biz hər hansı texnikanın istehsalına başlamaq üçün dəfələrlə məsləhətləşir, araşdırma aparırıq. Çünki fəaliyyət dövrü o qədər də çox olmayan zavodda xırda bir səhvə yol verilməsi müəssisənin iflası deməkdir. Odur ki, müqavilə bağlamazdan əvvəl araşdırma aparırıq. Öncə istehsal olunacaq texnikanın alıcılıq qabiliyyətini yoxlayırıq. Bu işdə mütəxəssislərin fikirləri öyrənilir. İşə belə münasibətin nəticəsidir ki, istehsal etdiyimiz texnikaların satışında heç bir problem yaşanmır. Məsələn, məlum məsələdir ki, "KamAZ” ASC Rusiyanın yük avtomobili istehsalçısıdır. Zavod SSRİ dövründə yaradılıb və müasir qloballaşma şəraitində inkişaf yolu keçib. İstehsala başlayandan "KamAZ” avtomobilləri keçmiş sovetlər məkanında populyarlıq qazanıb və indiyədək MDB ölkələrində avtomobil yükdaşımalarının əsasını təşkil edir. Gündən-günə inkişaf edən ölkəmizdə də bu avtomobillərə böyük tələbat var. Odur ki, ilkin mərhələdə Azərbaycanda, sonralar isə xarici bazarlarda onun satışını təşkil etdik. Bu işdə qazandığımız uğurlar bizi daha da ruhlandırdı və yeni texnikaların istehsalını təşkil etmək üçün partnyorlar axtarışına çıxdıq. Qısa vaxtda müəssisədə 7 modeldə "Belarus” traktorlarının, 20 modeldə "MAZ” avtomobillərinin, "HALLER” məişət tullantıları daşıyan maşınların, yol infrastrukturunun yenilənməsində istifadə olunan texnikaların istehsalını mənimsəmişik. Ümumiyyətlə, zavod fəaliyyətə başladığı vaxtdan indiyədək ümumilikdə 11 modeldə 10549 traktor, 143 xüsusi təyinatlı traktor yığıb təhvil vermişik. Bu texnikalarda 9825-i dövlət sifarişi əsasında "Aqrolizinq” ASC-yə, 724-ü fermerlərə və iş adamlarına satılıb. 2019-cu ilin 6 ayı ərzində 600-dək texnika istehsal olunub. Onlardan 500-dən çoxu müxtəlif model traktorlar, qalanı "MAZ” markalı qoşqulu, "KamAZ” markalı avtomobillər, "MAZ” markalı avtobus və yükünü özüboşaldan traktor qoşqusudur.
- Son illər ölkəmizdə aqrar sektorun sürətli inkişafı bu sahədə lazım olan texnikalara tələbatı artırmışdır. Daim axtarışda olan zavod mütəxəssisləri bu sahədə bir sıra uğurlara imza atmışlar. Bu barədə nə deyə bilərsiniz?
- Bu istiqamətdə də istehsal proseslərini tamamilə mənimsəmişik. Sexlərdə ən müasir yığım aqreqatları quraşdırılıb. İşçilərin peşə hazırlığı yüksək səviyyədə olduğundan hər hansı texnikanın yığımında çətinlik olmur. İndi elə bir texnika ola bilməz ki, onun nümunəsinə baxıb, yığımını təşkil edə bilməyək. Özü də mütəxəssislərimiz işlərinə yaradıcı baxırlar. Daim yeniliyə can atan mühəndis və texniklərimiz bu sahədə uğur qazanırlar. Məsələn, son illər pambıqçılıqda işlədilən texnikaların istehsalı diqqət mərkəzində saxlanılmış, nəticədə zavod mütəxəssisləri bir sıra yeniliyə nail olmuşlar. Belə ki, belaruslu həmkarlarla aparılan axtarışlar nəticəsində Gəncə mütəxəssisləri "Belarus” traktorunun bazasında yeni mini-pambıqyığan kombaynın istehsalına başlamışlar. Bundan başqa, pambıq yığımında ən çox işlədilən lafetlərin istehsalı da mənimsənilmişdir. Halbuki həmin lafetlər əvvəllər xarici ölkələrdən alınırdı. Keçən ildən bağçılıqda istifadə edilən mini traktorların da istehsalına başlamışıq. 95 at gücündə olan bu traktorlar bağlarda aparılan bütün aqrotexniki işləri görməyə qadirdir.
- Eşitdik ki, bu yaxınlarda üçtərəfli müqavilə əsasında Gəncə Avtomobil Zavodunun Türkiyənin Kırıkkale bölgəsində yeni filialı fəaliyyətə başlayıb. Belə ki, orada "Belarus” markalı traktor istehsalı zavodunun açılışı olub.
- Doğrudur. Həqiqətən, filialın açılışı əsl əlamətdar hadisəyə çevrildi. Azərbaycan-Türkiyə İstehsalat Birliyi (ATİB) tərəfindən idarə olunacaq zavodun açılış mərasimində "Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Xanlar Fətiyev, Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim, ATİB-in direktoru Murad İsmayılov, Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri Bəkir Pakdemirli, Türkiyə Böyük Millət Məclisinin üzvü Ramazan Can, Belarus Respublikasının Baş Nazirinin müavini İqor Lyaşenko, həmin ölkənin Sənaye naziri Pavel Utupin, Türkiyədəki səfiri Aleksandr Savinin, "BelAZ” Avtomobil Zavodunun baş direktoru Pyotr Parxomçik, "Minsk Traktor Zavodu” ASC-nin baş direktoru Fyodor Domatenko və başqa rəsmi şəxslər iştirak etmişlər.
Açılış mərasimində bildirildi ki, layihə üçün güzəştli şərtlərlə torpaq sahəsi ayrılıb. Türkiyə tərəfi zavodun fəaliyyəti və inkişafı üçün bir sıra imtiyazlar müəyyən edib. Layihənin sərmayə dəyəri 17 milyon ABŞ dollarıdır. Bu vaxta kimi görülən işlərə ümumilikdə 5 milyon dollar vəsait sərf olunub. Gələcəkdə zavodda azərbaycanlı mütəxəssislərin işləməsi də nəzərdə tutulur.
- Gəncə Avtomobil Zavodu bu günlər daha bir yeniliyə imza atıb. Müəssisədə ilk dəfə "E-321” markalı elektrobus və "PALESSE KZS-575” markalı taxılbıçən kombayn yığılıb.
- Belarus Respublikası Baş Nazirinin müavini İqor Lyaşenkonun, Sənaye nazirinin müavini Dmitri Korçikin, "Qom Selmaş” ASC-nin baş direktoru Aleksandr Novikovun, Belarusun ölkəmizdəki səfiri Gennadi Axramoviçin, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun, "Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Xanlar Fətiyevin iştirakı ilə keçirilən mərasimdə bildirildi ki, bu gün Azərbaycanda həm elektrobusa, həm də taxılyığan kombaynlara böyük ehtiyac var. Yaxın vaxtlarda Azərbaycanın ictimai nəqliyyyat sektorunda ekoloji cəhətdən təmiz olan bu texnikalar görünməyə başlayacaq. Qeyd edək ki, hər iki texnika Gəncə Avtomobil Zavodu ilə Belarusun "Belkommunas” ASC arasında bağlanmış ikitərəfli əməkdaşlıq müqaviləsi çərçivəsində istehsal olunacaq. 83 sərnişin tutumu olan avtobuslar kondisioner, məlumat monitoru və videonəzarət sistemi ilə təchiz ediləcək. Saatda 60 kilometr sürətlə hərəkət edə biləcək elektrobusların enerji sistemi 6 dəqiqə ərzində dolur. "PALESSE KZS-575” markalı taxılyığan kombaynın mühərriki isə 114/155 at gücündədir. Qeyd edək ki, sifariş olsa, ildə 150 elektrobus, 120 taxılbiçən kombayn yığa bilərik.
Bunlardan əlavə, biz Finlandiyanın məşhur "Sampo” firması ilə əməkdaşlıq memorandumu imzalamaq barədə razılığa gəlmişik. İki şirkət gələcəkdə ölkəmizdə kombaynlara texniki servisin göstərilməsi, texnikaların ehtiyat hissələrinin hazırlanması, təminatı və digər məsələlərlə bağlı əməkdaşlıq etməyi planlaşdırır. Onu da qeyd edim ki, birgə fəaliyyətlə bağlı təklif "Sampo” firmasından gəlib.
- Bildiyimiz kimi, müəssisənin istehsal sahələri genişləndikcə işçi qüvvəsinə də tələbat artır. Bu məsələni necə həll edirsiniz?
- Doğrudur, bu sahədə əvvəllər çətinliklərimiz olurdu. Lakin indi mütəxəssis sarıdan heç bir problemimiz yoxdur. Artıq yüksəkixtisaslı kadrlarımız yetişib. Müəssisəyə təzə işə götürülənlər isə ixtisaslı mütəxəssislərə həvalə olunur. Onlar qısa vaxt ərzində istehsalatı mənimsəyirlər. Hazırda zavodumuzda 600 nəfərə yaxın işçi çalışır. Onların işə gəlib-getmələri üçün xüsusi avtobuslar ayrılıb. Orta əməkhaqqı pis deyil. Bu yaxınlarda müəssisədə işçilərin pulsuz yeməklə təmin edilməsi üçün müasir yeməkxana da istifadəyə verilib. Bundan başqa, hər il yüzlərlə işçi istirahət ocaqlarında dincəlmək üçün pulsuz göndərişlərlə təmin olunur.
© "Azərbaycan”