Naxçıvana avtobusla gedənlərə- ŞAD XƏBƏR
Artıq gömrük-keçid məntəqələrində paytaxt Bakı şəhərindən İran İslam Respublikasının ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikasına və əks istiqamətdə səyahət edən sərnişinlərin əl yükləri və baqajlarına gömrük nəzarəti tətbiq edilməyəcək.
Dövlət Gömrük Komitəsindən “ENA”ya daxil olan məlumata görə, sərnişinlərin rahatlığının təmin edilməsi, sərhədkeçmə prosesinin sürətləndirilməsi və avtobusların mənzil başına daha tez çatmasını təmin etmək məqsədilə gömrük nəzarəti Dövlət Gömrük Komitəsi sədrinin sərəncamına əsasən, avqustun 19-dan etibarən Bakı Beynəlxalq Avtovağzalında yaradılan gömrük nəzarəti zonasında həyata keçiriləcək.
- Eləcə də bax: İrana gedən azərbaycanlıların sayı xeyli artıb
Bu məqsədlə, Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən pilot layihə çərçivəsində, Bakı Beynəlxalq Avtovağzalında gömrük nəzarətinin tətbiqi üçün zəruri avadanlıqlar quraşdırılıb və layihənin icrasına ixtisaslı gömrük əməkdaşları cəlb edilib.
Əvvəllər sərhədi keçən avtobuslar hər iki ölkənin gömrük postlarında ümumilikdə 4 dəfə gömrük nəzarətindən keçir və sərnişinlərin əl yükləri dəfələrlə yoxlanılırdı. Bu da vaxt itkisi ilə yanaşı, sərnişinlər üçün diskomfort vəziyyət yaradırdı.
13 iyun 2019-cu ildə Azərbaycan və İran arasında beynəlxalq avtomobil əlaqələri sahəsində birgə komissiyanın növbəti iclasında Bakı-Naxçıvan-Bakı marşrut xətti üzrə hərəkətdə olan avtobuslardakı əl yüklərinin sərhəd-keçid məntəqələrində yoxlanma prosedurlarına dəyişikliyə dair razılıq əldə olunub.
Yeni qaydalara əsasən, Azərbaycan tərəfində gömrük nəzarətindən keçirilən avtobuslar və sərnişinlərə aid yüklər xüsusi nömrələr və plomblarla təmin olunduqdan sonra İran ərazisinə daxil olur. İki ölkənin gömrük orqanları arasında imzalanan memoranduma əsasən, Azərbaycan qarşı tərəfə avtobusların yük yerlərində qaçaqmal faktı təşkil edən və İran ərazisində dövriyyəsi qadağan edilən malların olmadığına dair təminat verir və avtobuslar İranda gömrük yoxlamasından keçirilmir. Bununla da İran ərazisinə daxil olan avtobusun heç bir əlavə yoxlama aparılmadan sürətli şəkildə gömrük postlarından keçidi təmin olunur.
Pilot layihə Naxçıvandan Bakıya gələn avtobusları da əhatə edir. Belə ki, əks istiqamətdə hərəkət edən avtobuslar və sərnişinlərə dair əl yüklərinin, baqajların gömrük nəzarətindən keçirilməsi məqsədilə Naxçıvan şəhərindəki Avtovağzal Kompleksində də gömrük nəzarəti zonası yaradılıb.
Dövlət Gömrük Komitəsi hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə birlikdə bu layihənin Türkiyə, Gürcüstan və Rusiyaya gedən avtobuslara tətbiq edilməsi üzərində iş aparır.