Azərbaycan qızıl hasilatını 4 tona çatdıracaq
2022-ci ildə Azərbaycanda 3 min 999,6 kq qızıl hasil olunacaq ki, bu da 2018-ci ilin proqnozlaşdırılan göstəricisindən 26,9% çoxdur. Bu barədə hökumətdən məlumat verilib.
Proqnozlara əsasən, 2020-2021-ci illərdə Azərbaycanda qızıl hasilatında illik artım gözlənilir. Belə ki, 2020-ci ildə 3 min 429 kq səviyyəsində, 2021-ci ildə - 3 min 703,3 kq səviyyəsində qızıl hasilatı dözlənilir.
Xəbər verildiyi kimi, 2018-ci ildə respublikada 3 min 151 kq, 2019-cu ildə - 3 min 175 kq həcmində qızıl hasilatı proqnozlaşdırılır.
2017-ci ildə Azərbaycanda 6 min 390 kq qızıl hasil edilib.
Hazırda Azərbaycanda qızıl və gümüş 1997-ci il avqust ayının 21-də imzalanmış Production Sharing Agreement tipli müqavilə çərçivəsində “Gədəbəy” və “Qoşa” yataqlarından hasil olunur. Müqavilə 6 yatağın – Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir.
Müqaviləyə görə, bu 6 yataqdan 400 ton qızıl hasilatı planlaşdırılır.
İlk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə “Gədəbəy” yatağından başlanılıb. “Qoşa” yatağından qızıl isə 2013-cü ilin III rübündən həyata keçirilir. 2015-ci ilin yayında şirkət “Qədir” yatağından, 2017-ci ilin sentyabr ayından isə “Uğur” yatağından qızıl hasilatına başlayıb.