Bank

İnflyasiya əhalinin gəlirlərini “yeməməlidir” – AMB SƏDRİ

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov hökumətin mühüm qurumlarından biri olan Maliyyə Sabitliyi Şurasının üzvüdür.  

ENA.az olaraq, bizi maraqlandıran sualları cənab Rüstəmova ünvanladıq. 

-    Elman müəllim, qorunan əmanətlər üzrə sığorta faizləri 15%-dən 10%-ə endirildi. Bu azalma pul bazarına necə təsir edəcək?

-    Maliyyə Sabitliyi Şurasında bu məsələ müzakirə edildi və Əmanətlərin Sığortalanması Fonduna tövsiyələrimizo verdik. Ümumilikdə, uçot dərəcəsi ilə qorunan əmanətlərin faiz dərəcələri arasında çox böyük bir fərq yaranmışdı. 15 faizlik səviyyə uçot dərəcəsinin 15 faiz olduğu dövrdə qəbul olunmuşdu. Lakin biz son dövrlərdə uçot dərəcəsini əhəmiyyətli dərəcədə azaltmışıq. Bu addımlar isə fond tərəfindən atılmamışdı. Ona görə də bütövlükdə ölkədə faiz dərəcələrinin hamısının bir-birinə uyğunlaşdırılması baxımından bu, çox mühümdür. Həmçinin seçim yaradır: daha yüksək faiz yoxsa, sığorta? Əminik ki, əhalinin çoxu sığorta faizlərini seçəcək, bu isə bank sektorunun bazardan götürdüyü əmanət resurslarının maya dəyərinin aşağı düşməsinə səbəb olacaq. Nəticədə kreditlər üzrə xərcləri aşağı salmalıdır. Qərar yeni qəbul edilib, onun transmissiyasını izləyəcəyik ki, bütövlükdə kredit bazarına necə təsir göstərəcək. Düşünürük ki, qorunan əmanətlər üzrə maksimal faizlərin azalması bank resurslarının maya dəyərinin azamasına təsir edə bilər. 

-    Artıq iki ildir manat stabildir, ancaq beynəlxalq təşkilatlar onu hecləşdirmək üçün 10-15% marja tələb edirlər. Sizcə bu nədən qaynaqlanır?

-    Bu beynəlxalq maliyyə qurumu ilə kredit götürən bankın əməkdaşlıq münasibətlərindən və bankın daşıdığı risklərdən də çox asılıdır. Bununla bağlı məsələni daha ətraflı araşdırmaq lazımdır, çünki 15 yüksək faizdir. 

-    Azərbaycanda maliyyə aministisiyasının elan edilməsi ilə bağlı təkliflər səslənir. Maraqlıdır ki, bu təkliflər Maliyyə Sabitliyi Şurasında müzakirə edilirmi? 

-    Bu məsələ hazırda müzakirə edilmir və müzakirə edildiyi təqdirdə mən öz fikirlərimi açıqlayacağam. 

-    İlin sonuna inflyasiyanın səviyyəsi barədə nə düşünürsünüz? 

-    Sentyabr ayından cənab prezidentin verdiyi qərarların ikinci fazası başlayır. Biz hesab edirik ki, cari ildə inflyasiyanı lövbərləşdirə bilərik. Mövcud inflyasiya templəri inkişaf etmiş ölkələr üçün çox normal və aşağı səviyyədə olan inflyasiyadır. Türkiyədə, Rusiyada inflyasiya daha yüksək səviyyədədir.  

İnflyasiyanı kənara qoysaq, əhali istehlakı daxili tələbin, daxili bazara işləyən iqtisadi sahələrin inkişafına ciddi təsir göstərir. Mərkəzi Bankın aparadığı tədqiqiatlar göstərir ki, nəzəri olaraq doğrudur ki,  investisiyaların artması iqtisadi inkişafa güclü təsir göstərir. Amma Azərbaycan iqtisadiyyatında reallıq onu göstərir ki,  şəxsi istehlakın artımı iqtisadi artıma daha çox təsir göstərir, nəinki investisiyalar. Bunun da səbəbi ondan ibarətdir ki, bizim investisiya məhsullarından daha çox xarici asılılığımız var. İnvestisiya xərclərinin maliyyələşməsi idxalın artmasına, başqa bir ölkənin iqtisadi artımına təsir edir. İstehlak xərclərinin artması isə üstün olaraq milli iqtisadiyyatımızın inkişafına təkan verir. Bunun inflyasiyaya təsirləri ola bilər, amma əsaslı inflyasiya proqnozuna təsir etməyəcək. İlin sonuna qədər proseslərin izlənməsi və qərarların da məhz mövcud reallığa uyğun verilməsi olacaqdır. 


-    İnflyasiyanın səviyyəsini açıqladınız və razılaşacaq ki, çox ürəkaçan faizlərdir. Amma bu rəqəmlər həm də onu göstərir ki, ölkədə sahibkarlıq, milli iqtisadiyyat çox zəif inkişaf edir. Birinci rübün statistikasına görə, daxili investisiyaların həcmi azalıb. Ümumiyyətlə, inflyasiyanın cilovlanması, eyni zamanda iqtisadiyyatın inkişaf etdirilməsi istiqamətində təklifləriniz nədən ibarətdir? 

-    Çox maraqlı makroekonomik sual verdiniz. Bütövlükdə baxış belədir ki, yüksək inflyasiya yüksək templə artan iqtisadiyyatın məhsuludur. Yəni, yüksək inflyasiya iqtisadi artım yaratmır, bu səhv fikirdir ki, qiymətlər yüksək olmalıdır Yüksək inflyasiya əhalinin istehlak tələbini azaltmaqla iqtisadi artıma mənfi təsir göstərir. Amma yüksək iqtisadi artım iqtisadi tsiklin sonunda yüksək inflyasiya yaradırsa, buna “iqtisadiyyatın qızması” deyirlər. Bu zaman Mərkəzi Bank və digər makroiqtisadi qurumlar “soyuducu tədbirlər” görürlər ki, artan inflyasiya iqtisadi artımdan yaranan əhalinin gəlirlərini “yeməsin” və onun üstünə çıxmasın. Əhalinin real gəlirləri həmişə müsbət zonada olmalıdır. Biz düşünürük ki, bugünki iqtisadi artım ölkənin iqtisadi potensialına uyğun deyil və daha yüksək olmalıdır. Bu istiqamətdə çoxlu işlər görülür və ilin ikinci yarısında iqtisadi artımın bir qədər artması proqnozlaşdırılır. Ölkədə yeni iqtisadi strategiya üzərində çalışılır ki, bu yeni iqtisadi modelə keçid iqtisadi artımın sürətləndirilməsini nəzərdə tutur. Cənab prezidentin həyata keçirdiyi inqilabi addımlar, vergi, gömrük, məhkəmə sistemindəki islahatlar iqtisadi artımın yüksəlməsini nəzərdə tutulur. 
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

İlhamə Xanlarqızı