Qızıl ölkəmizə ən çox valyuta gətirən qeyri-neft məhsuludur

Son 9 ildə “AzerGold” QSC yerli və xarici bazarlarda qızıl və gümüşün satışından 1 milyard 691 milyon manat (995 milyon ABŞ dolları) gəlir əldə edilib.
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Naxçıvan şəhərində muxtar respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi keçirilən Beynəlxalq Geologiya-Mədənçilik Forumunda deyib ki, bu vəsaitin 94 %-i (1 milyard 592 milyon manatı) ixracdan əldə edilib:
“Məhsuldar fəaliyyətimiz nəticəsində əldə edilmiş gəlirlərdən 224 milyon manat vəsait dövlət büdcəsinə vergi və sosial köçürmələr formasında ödənilib”.
O qeyd edib ki, hazırda qızıl ölkəmizə ən çox valyuta gətirən qeyri-neft məhsuludur: “İxrac imkanlarının artırılması ilə daha çox töhfələr verməyi, növbəti 5 ilə qədər illik dövriyyəsi 1 milyard manat olan, ölkənin aparıcı vergi ödəyicilərindən biri olmağı planlaşdırırıq”.