Birja

Azərbaycanda rekord məbləğdə repo əməliyyatı qeydə alınıb

İyulun 15-də “Bakı Fond Birjası” QSC-nin (BFB) ticarət platformasında 78,6 milyon manat məbləğində repo əməliyyatı qeydə alınıb.

ENA.az BFB-yə istinadən xəbər verir ki, bu, 2014-cü ildən bəri bir günlük əməliyyatlar üzrə rekord həddir.

Ümumilikdə, 2019-cu il yanvar-iyun ayları üzrə həyata keçirilmiş repo əməliyyatlarının ümumi məbləği isə 437,8 milyon manat təşkil edib.

Son 2 ildə repo əməliyyatlarında əhəmiyyətli artım müşahidə olunur. Belə ki, 2017-ci ilin I yarısında repo əməliyyatlarının ümumi məbləği 11,6 milyon manat olduğu halda, 2018-ci ilin eyni dövründə bu göstərici 466,2 milyon manat təşkil edib.

Repo predmeti kimi Maliyyə Nazirliyinin emissiya etdiyi dövlət istiqrazlarına tələb yüksək qalmaqdadır, eyni zamanda dövr ərzində Azərbaycan Mərkəzi Bankının (AMB) notları və korporativ istiqrazlar üzrə də repo əqdləri bağlanılıb. Belə ki, I yarımildə repo əməliyyatlarında dövlət istiqrazlarının payı 60,7% (265,7 milyon manat), AMB-nin notlarının payı 37,7% (165,2 milyon manat), Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarının payı 0,9% (4,1 milyon manat), digər qiymətli kağızların payı isə 0,6% (2,8 milyon manat) təşkil edib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department