Axtar

“Azərsunun bankı” pulunu necə qorumağa çalışır? - HESABAT

Bankların maliyyə hesabatlarının açıqlanan hissəsi üzrə demək olar ki, əksəriyyəti tam deyil. Elə “Azərbaycan Sənaye Bankı”ASC-nin (ASB) hesabatları da bu qəbildəndir. 

ENA.az xəbər verir ki, bank pul hərəkəti haqqında hesabatını yaymayıb. Holdinq bankı olan ASB-nin açıqlanan göstəriciləri üzrə bəzi nəticələri təqdim etməyə çalışacağıq. 


Pul necə hərəkət edib, məlum deyil
İlk növbədə qeyd edək ki, bankın aktivlərinin tərkibi çox müxtəlifdir və əlbətdə ki, bu diferensiallaşma yaxşı haldır. Üstəlik bank passiv halda saxladığı vəsaitlərin həcmini bir qədər azaldıb, amma yenə də aktivlərin ən böyük həcminin başqa maliyyə institutlarında depozit şəklində qorunduğunu görürük. 

 

 

Passiv pulları artıb 
Hesabata əsasən, bu il iyulun 1-nə ASB-nin aktivləri 916 milyon 161 min manat olub ki, bu da illik müqayisədə 10,2% azdır. Aktivlərin azalmasını daha dəqiq pul hərəkərində görə bilərdik, amma bank bunu gizlədir. 
“Azərbaycan Sənaye Bankı”ASC maliyyə institutlarındakı depozitlərinin həcmi 491 milyon 72 min manat təşkil edir və indiki halda belə bu rəqəm bir il əvvəlki həcmindən 126 milyon 415 milyon manat azdır. Qeyd edək ki, 30.06.2018-ci ildə bu rəqəm 617 milyon 487 min manat təşkil edirdi. Eyni zamanda, bank başqa banklardakı müxbir hesabındakı vəsaiti də 40 milyon manatdan 70 milyon manata yüksəldib.  


Kredit portfelinin aktivlərdə payı 33%-dir
Digər böyük aktivlərə kredit portfeli aiddir və bank 308 milyon 946 min manat  həcmində müştərilərə kredit verib. Son bir ildə Bankın kredit portfeli 18,1% böyusə də aktivlərdə kredit portfelinin həcmi cəmi 33 faiz təşkil edir və bu pis göstərici sayılır.  

Ümumiyyətlə, holdinq bankı sayılan ASB-nin kredit bazarında iştirakı həmişə müəyyən limitlər daxilində olub və daha çox “Azərsun Holdinq”ə daxil olan müəssisələrin maliyyə təminatında və işçilərinin kredit məhsuluna olan ehtiyaclarını qarşılayıb. Eyni zamanda bu bank banklarası bazarda daha çox iştirak edərək, digər bankları maliyyə vəsaitlərlə təmin etməkdə maraqlı olub. Düzdür, bu bazarda faizlər elə də yüksək deyil, lakin ASB az qazansa da risk faktoru ilə üzləşməməkdən özünü sığortalamağa çalışır. 

 


Depozitlər azalıb
Hesabat dövründə ASB-nin öhdəlikləri 11,6% azalaraq 818 milyon 922 min manata düşüb. Bu azalmada depozit portfelinin iştirakı 6,8%dir və portfelin həcmi 651 milyon 633 min manatdır. Həm də bu bankda vəsait yerləşdirən digər maliyyə institutlarının vəsaitlərinin həcmində də 6 milyon manatlıq kiçilmə baş verib. Balans kapitalı isə bir ildə 4,1% artaraq 97 milyon 239 min manata çatıb. Bankın 60 milyon manat həcmində nizamnamə kapitalı və 92 milyon manat məcmu kapitalı var. I dərəcəli kapitalın gəlirliliyi 5% normaya qarşı 21.79, məcmu kapitalın adekvatlığı isə 10% normaya qarşı 22.63%-dir. 

 

Xərclərə qənaət edib
“Azərbaycan Sənaye Bankı” ASC 2015-ci ildən bəri ilk dəfə 2019-cu ilin ikinci yarısında yüksək mənfəət nümayiş etdirib. Ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çox 5 milyon 152 min manat xalis mənfəət açıqlayan bank artıma necə nail olub? 
Göstəricilərin təhlili göstərir ki, əslində bankın faiz və qeyri-faiz gəlirlərində azalma baş verib, yalnız xərclər kifayət qədər optimallaşdırıldığından 6 milyon 878 min manat əməliyyat mənfəəti əldə edilib. Bankın xüsusi ehtiyatlara ayırmaları 403 min manat, mənfəət vergisi ödəmələri isə 1 milyon 324 min manat təşkil edib.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33