Əsas məzmuna keç
Bakı +17°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Sosial

Azərbaycanda bu dövlət rüsumu 75% ucuzlaşır

Azərbaycanda bu dövlət rüsumu 75% ucuzlaşır
ENA.az-ı Google-da seçilmiş mənbə edinXəbərlərimiz Google axtarışında sizə daha tez görünsünƏlavə et

Məhkəmə əmri haqqında ərizənin verilməsinə görə dövlət rüsumunun 100 manatdan 25 manata endirilməsi, eləcə də qiymətləndirilən iddialar üzrə apellyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinin verilməsinə görə dövlət rüsumunun yalnız mübahisələndirilən hissə əsasında hesablanması təklif olunur.

Bu məsələ Milli Məclisin müzakirəsinə təqdim edilən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, məhkəmə əmri haqqında ərizənin verilməsinə görə dövlət rüsumunun məbləği hazırkı 100 manatdan 25 manata endiriləcək.

Qeyd edək ki, Mülki Prosessual Məcəlləyə əsasən, əmr icraatı müəyyən pul məbləğinin ödənilməsi və ya əmlakın tələb edilməsi ilə bağlı aşkar, yaxud borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanan tələblərə tətbiq olunur. Bu zaman məhkəmə əmri verilə bilər. Məhkəmə əmri tələb daxil olduğu gündən 3 gün ərzində məhkəmə baxışı keçirilmədən və tərəflər çağırılmadan çıxarılır və özü icra sənədi hesab edilir.

Hazırda məhkəmə əmri haqqında ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu tutulur. Müqayisə üçün, qiyməti 1 000 manatadək olan iddia ərizəsinə görə 30 manat, 10 000 manatadək olan iddialara görə isə əlavə olaraq iddia məbləğinin 1 faizi həcmində dövlət rüsumu müəyyən edilib. Məsələn, iddia tələbi 2 000 manat olduqda dövlət rüsumu 40 manat təşkil edir.

Qanunvericilik ərizəçilərə əmr icraatı çərçivəsində baxıla bilən tələblərlə ümumi əsaslarla iddia icraatı qaydasında da məhkəməyə müraciət etmək hüququ verir. Lakin hazırkı dövlət rüsumlarının məbləği aşkar və mübahisəsiz, kiçik tələblərin əmr icraatı əvəzinə iddia icraatı qaydasında məhkəməyə çıxarılmasına şərait yaradır.

Bu isə həmin işlərə baxılması ilə bağlı məhkəmə xərclərinin artmasına, eləcə də prosessual prosedurlar səbəbindən məhkəmələrin daha çox vaxt və digər resurslar sərf etməsinə gətirib çıxarır.

Layihədə məhkəmə əmrlərinin verilməsinə görə dövlət rüsumunun azaldılmasının ərizəçiləri aşkar və mübahisəsiz tələblər üzrə əmr icraatını seçməyə təşviq edəcəyi bildirilir. Bununla da mübahisələrin daha operativ qaydada həllinə imkan yaranacaq.

Qanun layihəsində digər dəyişiklik qiymətləndirilən iddialar üzrə apellyasiya, kassasiya və əlavə kassasiya şikayətlərinin verilməsinə görə dövlət rüsumunun hesablanması qaydasına aiddir.

Hazırda qiymətləndirilən və qiymətləndirilməyən iddialar üzrə həmin şikayətlərin verilməsinə görə dövlət rüsumu müvafiq iddialar üçün müəyyən edilmiş rüsumun 50 faizi həcmində tutulur.

Təklif olunan dəyişikliyə əsasən, qiymətləndirilən iddialar üzrə şikayət verildikdə dövlət rüsumunun hesablanmasında ilkin iddianın ümumi məbləği deyil, yalnız mübahisələndirilən hissəsi nəzərə alınacaq.

Beləliklə, şikayət verən şəxsin dövlət rüsumu üzrə maliyyə yükü mübahisələndirdiyi hissə ilə məhdudlaşacaq və onun xərcləri azalacaq.

Qanun layihəsinin əsas məqsədi aşkar və mübahisəsiz tələblər üzrə hüquqi müdafiə vasitəsi olan əmr icraatının daha geniş tətbiqini təmin etmək, məhkəmə resurslarından səmərəli istifadəni təşviq etmək və məhkəməyə müraciət edən şəxslərin, o cümlədən yuxarı instansiya məhkəmələrinə şikayət verənlərin maliyyə xərclərini azaltmaqdır.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə