Bank

“Fuad Aslanlının bankı”nda vəziyyət necədir: HESABAT  

Ölkənin maliyyə sektorunda vaxtilə yüksək postlar tutmuş Rüfət Aslanlının qardaşı Fuad Aslanlının müşahidə sədri olduğu bu bankın vəziyyəti, onun ümumiyyətlə bank bazarında qalıb-qalmayacağı ilə bağlı suallar var. Ona görə də Azərbaycanın bank sektorunda “səs-küyü çıxmayan”, daha çox korporativ müştıriləri ilə işləyən “Bank Avrasiya”nın fəaliyyətinə dair ötən bir ildəki tendensiya daha çox maraq doğurur. 

 

“2018 çilləsi”ndən çıxdı...

ENA.az olaraq “Bank Avrasiya”nın maliyyə göstəricilərinin illik müqayisəsini apararaq, bankda gedən proseslərlə bağlı müəyyən aydınlıq yaratmağa çalışacağıq. 

Beləliklə, bankın əməliyyat aktivlərində xalis azalma isə bir ildə 12 milyon 520 min manat təşkil edir. Məzənnə fərqindən “Bank Avrasiya”nın gəliri 6 min manatdır. 

Bankın pul vəsaitlərinin həcminə baxsaq, 2018-ci ilin altı ayı ilə müqayisədə bu ilin altı ayında artım var və ötən il bağlanacaq, deyə məlumatlar dolaşan bank ötən bir ildə çətin də olsa yaşaya bildi. Əlbəttə bu məlumatların mənfi təsiri dərhal müştəri depozitinin əriməsinə səbəb oldu, amma bank normativlərdən aşağı düşmədi. Əgər təhlil aparsaq, “Bank Avrasiya”nın bir il əvvəl 67 milyon 493 min manat dəyərində pul vəsaiti vardısa, 30.06.2019-cu il tarixinə artaraq 103 milyon 433 min manat olub. 

Artım daha çox nağd pul və Mərkəzi Bankdakı müxbir hesabda saxlanılan vəsaitin həcmində diqqət çəkir. Müqayisədə bankın nağd pulu bir ildə 3 milyon manata yaxın artıb, Mərkəzi Bankdakı hesabı 2019-cu ilin əvvəlinə 1 milyon manata düşmüşdüsə, ötən altı ayda 35 milyon manat artıb, xarici bankdakı müxbir hesablar 3 milyon manat çoxalıb. Satış üçün olan qiymətli kağızların həcmində isə 15 milyon manatlıq bir yüksəliş var və bu göstərici 45 milyona çatıb. 

 

Kreditlərin 23.6%-nin vaxtı keçib

Bu il iyulun 1-nə “Bank Avrasiya”nın aktivləri 195 milyon 897 min manat olub ki, bu da illik müqayisədə 15,6% artım deməkdir. 2019-cu ilin altı ayında bank müştərilərinə 89 milyon 316 min manat kredit verib. Müqayisədə bir ildə bankın kredit portfeli 1,8% kiçilib və ya kredit portfeli aktivlərin 45%-ni təşkil edir. Vaxtıkeçmiş kreditlərin ümumi portfeldə həcmi isə 23.6% təşkil edir. 

Hesabat dövründə “Bank Avrasiya”nın öhdəlikləri 22,1% artıb və 129 milyon 161 min manat olub. Lakin müştərilərin cari hesabları və depozitlərinin həcmində 13% azalma var, nəticədə portfel 50 milyon 218 min manata düşüb. 

 

Keçmiş illərdən qalma mənfəəti var
 

Bankın nizamnamə kapitalı 50 milyon manat, keçmiş illərdən qalma 13 milyon manatlıq mənfəəti mövcuddur. Balans kapitalı isə bir ildə 4,8% artaraq 66,736 milyon manat olub. Məcmu kapitalın adekvatlıq əmsalı 65.56%, I dərəcəli kapitalın adekvatlıq əmsalı 61.71% təşkil edir, bu isə 10 və 5 faizlik normalara görə çox yüksək göstəricidir. 

 

Mənfəəti azalsa da “müsbət zolaqdadır”
 

“Bank Avrasiya” ASC bu ilin I yarısını 2,634 milyon manat mənfəətlə başa vurub. Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 43,3% azdır.

Yanvar-iyun aylarında “Bank Avrasiya”nın gəlirləri 6,524 milyon manat olub, bunun 5,731 milyon manatı faiz gəlirləri, 793 min manatı qeyri-faiz gəlirləridir. Bankın xərcləri 3,634 milyon manat, faiz xərcləri 1,247 milyon manat, qeyri-faiz xərcləri 2,387 milyon manat, xüsusi ehtiyatlara ayırmaları 265 min manat, gözlənilməz gəlirləri isə 8 min manat təşkil edib. “Bank Avrasiya” mənfəət vergisi ödəməyib.

Ümumi tendensiyaya əsasən demək olar ki, bu bank bazarda hər hansı aktivliyə getmədən durğun şəkildə hələki prudensial normaları qoruyub saxlamağa şalışır. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

İlhamə Xanlarqızı