Bank

Azərbaycanda banklararası kredit faizlərində yeni rekord: 17,43 faizlə satışın səbəbi nədir? AMB bunu nə ilə izah edir?

Azərbaycanda xarici valyuta üzrə banklararası kreditlərin faizlərində bu il pik qeydə alınıb. Belə ki, bu ilin  iyun və iyul aylarında banklarası kreditlərdə 30 günlük kreditlərin orta faiz dərəcəsi 17,43 və 16,50 faizə yüksəlib. Analoji vəziyyət 2024-cü ilin oktyabr ayında qeydə alınıb və həmin ay xarici valyutada kreditlər 17.30 faiz olub.

Bunun səbəbi nədir, ölkədə hansı xarici valyutada qıtlıq yaranıb və ya faizin bu qədər yüksək olmasını şərtləndirən digər səbəb nədir?

Bu mövzuda ENA.az-ın sualına cavab olaraq Azərbaycan Mərkəzi Bankının verdiyi açıqlamaya əsasən: “Bu göstəricidə müşahidə olunan dəyişiklik əsasən ölkədə fəaliyyət göstərən banklardan biri tərəfindən qeyri-rezident maliyyə institutlarına  rus rublunda 30 günədək verilmiş kreditlərin faizi ilə əlaqədardır”.

Belə çıxır ki, Azərbaycanda rubl satan bank kimi tanınan VTB Bank Azərbaycan hansısa xarici banka rubl satıb və bu satış yüksək faiz və ya məbləğdə olduğu üçün xarici valyutada verilən kreditlərin faizləri “uçub”. Bəzi mənbələr Azərbaycandakı VTB-nin rublunu elə Rusiya bankına satdığını deyir. Burada da başqa maraqlı məqam yaranır, “monqol turistləri monqol dublyonkalarını niyə Azərbaycandan aparır?”

Faizlərin “uçması” səbəbləri arasında isə məbləğ ehtimalı bir qədər az görünür, çünki Azərbaycanda banklararası bazarın həcmi hələki kiçikdir və bu bazarın formalaşması istiqamətində Tənzimləyici qurumun indiki komandası müəyyən ciddi addımlar atıb, deyə bilərik.

Buna baxmayaraq, bazarın həcmi azdır, görünür buna görədir ki, hələki Tənzimləyici bu rəqəmləri açıqlamaq istəmir. Əslində bazardakı faizlərin yüksək  formalaşmasında elə təklif məbləğlərinin az olması da rol oynayır, yəni təklif tələbi qarşılamırsa, deməli bahalaşacaq. Həmçinin rublun uçot dərəcəsinin də “17.43”ün yaranmasında rolu var, çünki Rusiya Bankı uçot dərəcəsini 17% həddində müəyyən edib.    

Azərbaycan Mərkəzi Bankının açıqladığı rəqəmlərə istinadən demək olar ki, banklararası bazarda ötən üç ildə yalnız keçən ilin oktyabrında manat və xarici valyuta ilə bankların borc götürmə əməliyyatları qeydə alınıb.  Digər dövrlərdə isə yalnız xarici valyuta əməliyyatları aparılıb. Nəzərə alsaq ki, banklar arası bazarda kreditlər daha çox dollarla verilir, ümumiləşdirilib çıxarılan orta faizlərin artımında dollarla olan kreditlərin bahalaşması tendensiyasının da rolu var.

Maraqlı nüanslardan biri də odur ki, xarici valyutada 1-3 aylıq verilən kreditlər üzrə faizlər ötən il sentyabrında 6,21 faiz həddini görüb. Həmin dövrdə banklar arasında xarici valyuta kreditləri 17.20 faiz ilə satılıb.   

Banklar bu qədər baha faizlə bir-birindən niyə kredit alır sualına bankların cavabları bir mənalıdır: “tələb var”.

ENA.az-a bank sektorundan verilən məlumatlara görə, bəzi aylarda xüsusən də korporativ müştərilər tərəfindən əsasən də dollara böyük ehtiyac yaranır və bu pullar qısamüddətli dövriyyə vəsaiti tələb etdiyindən borclanmaya gedirlər. Həmçinin banklar xarici öhdəliklərini qarşılamaq üçün bahalı xarici valyuta almağa məcburdurlar.

Qeyd edək ki, Banklararası bazar (interbank market) maliyyə sisteminin “gizli mühərriki” hesab olunur və bir neçə əsas səbəbə görə vacibdir:

1. Likvidlik dövriyyəsini təmin edir

Banklararası bazarda banklar bir-birinə qısamüddətli kreditlər verir və alır. Bu, onların gündəlik ödənişləri, müştəri əməliyyatları və ehtiyat tələbləri üçün likvidlik çatışmazlığını tez həll etməsinə imkan yaradır. Məsələn, bir bankda günün sonunda vəsait azdırsa, o, digər bankdan borc alaraq öhdəliklərini yerinə yetirir.

 2. Faiz dərəcələrinin formalaşmasına təsir edir

Banklararası bazar ölkədə pulun dəyərini, yəni qısamüddətli faiz dərəcələrini formalaşdıran əsas mexanizmlərdən biridir.
Bu faiz dərəcələri aşağıdakıları müəyyən edir:

  • İstehlak kreditlərinin dəyərini
  • İpoteka faizlərini
  • Depozit gəlirliliyini
  • İnvestisiya xərclərini

3. Mərkəzi Bank siyasətinin ötürücüsüdür

Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsi, likvidlik əməliyyatları və pul-kredit siyasəti məhz banklararası bazar vasitəsilə maliyyə sisteminə ötürülür. Yəni, bu bazar olmadan Mərkəzi Bankın qərarlarının iqtisadiyyata təsir mexanizmi çətinləşir.

 4. Risklərin idarə olunmasına kömək edir

Banklar öz valyuta, faiz və likvidlik risklərini bu bazar vasitəsilə idarə edirlər. Bu, həm də maliyyə sabitliyi üçün zəmanət yaradır.

5. Ölkənin maliyyə sabitliyini dəstəkləyir

Banklararası bazar normal işlədikdə:

  • Banklar böhran zamanı çöküşün qarşısını ala bilir,
  • Ehtiyat fondlarına əlçatanlıq artır,
  • Vəsait dövriyyəsi dayanıqlı şəkildə davam edir.

6. Dövlət və özəl sektor üçün maliyyələşməni asanlaşdırır

Banklararası bazarın düzgün fəaliyyəti bizneslərin, vətəndaşların və dövlətin maliyyə xidmətlərinə çıxışını genişləndirir.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)