İnşaat və əmlak

"Strateji layihələrlə bağlı dövlət qurumlarına müraciət edilib"

"Bakı şəhərinin Baş Planına daxil edilmiş layihələr prioritetləşdiriləcək" .

ENA.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, strateji layihələrlə bağlı dövlət qurumlarına müraciət edilib: “Bu layihələrdən bəziləri prioritetləşdiriləcək, bəziləri isə strateji olmasa belə planda qalacaq. Planda qalan layihələrin də həyata keçirilməsi təbii ki, nəzərə alınacaq.

Baş Planla bağlı müxtəlif dövlət orqanları müxtəlif layihələri həyata keçirir. Həmin bu layihələrin hazırlanaraq Baş Plana daxil edilməsi və gələcəkdə koordinasiyasının həyata keçirlməsi ilə bağlı aidiyyəti orqanlara müraciət etmişik. Düşünürəm ki, ayrı-ayrı orqanlar öz üzərlərinə düşən vəzifəni daha yaxşı bilir və bu istiqamətdə görülməli olan işləri tam şəkildə yerinə yetirəcək”.

Xatırladaq ki, Bakının Baş Planının hazırlanması ilə bağlı açıq tenderin qalibi Almaniyanın “AS+P” şəhərsalma şirkəti olub. Beləliklə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əməkdaşlığa cəlb etdiyi “AS+P” şirkəti ilə birlikdə Bakının Baş Planının hazırlanması prosesinin 2-ci mərhələsinin reallaşdırılması fazasına start verib. Bu mərhələdə görüləcək işlər 1-ci mərhələdə “Boston Consulting Group” beynəlxalq məsləhətçi şirkətinin iştirakı ilə Komitə tərəfindən hazırlanmış Bakı şəhərinin inkişaf konsepsiyası ilə müəyyənləşdirilmiş inkişaf prioritetləri üzərində qurulacaq.

Baş Planın hazırlanması prosesinin 2-ci mərhələsində şəhər ərazisinin strateji və çoxsəviyyəli planlaşdırılması, habelə əsas inkişaf göstəriciləri üzrə modelləşdirmə ilə bağlı texniki işlər aparılacaq. Nəzərdə tutulan bu çoxşaxəli kompleks fəaliyyət çərçivəsində müxtəlif incələmə səviyyəsində bir sıra istiqamət üzrə proqramlar işlənəcək. “Ərazilərin tarazlı istifadəsi və inkişafı”, “Yol-nəqliyyat infrastrukturunun və ictimai nəqliyyat sisteminin inkişafı”, “Ətraf mühitin və ekoloji durumun yaxşılaşdırılması”, “Mühəndis-kommunikasiya sisteminin inkişafı”, “İctimai məkanların inkişafı”, “Əsaslı tikinti və tikinti sıxlığının tənzimlənməsi” və digər proqramlar paytaxtın Baş planı üzərində işin əsas tərkib hissələri kimi nümunə gətirilə bilər.

Bakının Baş Planının hazırlanması işinin 2020-ci ilin sonunadək başa çatdırılması və sənədin yekun layihəsinin təsdiq üçün Azərbaycan hökumətinə təqdim olunması nəzərdə tutulur. Ölkə qanunvericiliyinə uyğun olaraq, Baş Plan şəhər ərazisi daxilində torpaqlardan şəhərsalma məqsədləri baxımından istifadə növlərini müəyyənləşdirir və növbəti 20 il ərzində şəhərin inkişafında iştirak edən bütün qurumlar tərəfindən bu istiqamətdə fəaliyyətdə rəhbər tutulacaq əsas sənəddir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)