Birja

Neft 100 dollardan aşağı düşdü

Brent markalı neftin qiyməti ABŞ və İran arasında gərginliyin diplomatik yollarla azala biləcəyinə dair gözləntilərin güclənməsi fonunda təxminən 4% ucuzlaşaraq 100 dollar səviyyəsindən aşağı düşüb.

Neft qiymətləri Nyu-Yorkda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası ərəfəsində ABŞ–İran münasibətlərində diplomatik həll imkanlarının artacağı gözləntilərindən təsirlənib.

Ötən gün 105 dollara qədər yüksələn Brent markalı neftin noyabr fyuçersləri sessiyanı 103,87 dollarla başa vurub. Sentyabrın 21-də Bakı vaxtı ilə saat 17:49-da isə Brent neftinin qiyməti əvvəlki bağlanışla müqayisədə təxminən 4% azalaraq 99,75 dollara geriləyib. Eyni vaxtda Qərbi Texas neftinin (WTI) noyabr fyuçersləri 92,14 dollardan satılıb.

Diplomatik təmas gözləntiləri qiymətləri aşağı çəkir

Neft bazarında ucuzlaşmanın əsas səbəblərindən biri BMT Baş Assambleyası çərçivəsində ABŞ və İran arasında diplomatik təmasların mümkünlüyünə dair gözləntilərdir. ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyası çərçivəsində İran Prezidenti Məsud Pezeşkianla görüşməyə açıq olduğunu bildirib. Bu açıqlama iki ölkə arasında qarşıdurmanın yumşala biləcəyi ilə bağlı bazar gözləntilərini gücləndirib.

ABŞ və İran arasında gərginliyin azalması ehtimalı, xüsusilə Hörmüz boğazı başda olmaqla, regiondan neft daşımaları ilə bağlı təchizat risklərini də aşağı salır. Bu isə neft qiymətlərində geosiyasi risk əlavəsinin azalmasına səbəb olur. BMT Baş Assambleyasının 81-ci sessiyası sentyabrın 22-də Nyu-Yorkda başlayacaq.

Səudiyyə Ərəbistanının neft ixracı bərpa olunur

Neft bazarına təsir edən digər amil Səudiyyə Ərəbistanının xam neft ixracının artmasıdır. Husilərin Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkətinin Şərq–Qərb neft kəmərinə hücumlarından sonra şirkət Hörmüz boğazı üzərindən neft ixracını artırıb. Kpler-in müvəqqəti məlumatlarına görə, Səudiyyə Ərəbistanının xam neft ixracı avqust ayında 2013-cü ildən bəri ən aşağı səviyyəyə – gündəlik 2,4 milyon barrelə düşüb. Sentyabr ayında isə indiyədək gündəlik ixrac 4 milyon barreli ötüb.JPMorgan analitikləri də sentyabrın 18-də yayımladıqları hesabatda qeyd ediblər ki, Şərq–Qərb neft kəmərindəki fasiləyə baxmayaraq, Yaxın Şərqdən neft axını yüksək səviyyədə qalır. Analitiklərin hesablamalarına görə, regiondan ümumi neft axını son 10 gündə orta hesabla gündə 17,1 milyon barrel təşkil edib. Bu, 2025-ci ilin orta göstəricisindən cəmi 6,1 milyon barrel aşağıdır.

Fed-in faiz siyasəti də neftə təzyiq göstərir

Neft qiymətlərinə təsir edən digər amil ABŞ Federal Ehtiyat Sisteminin (Fed) pul siyasəti ilə bağlı gözləntilərdir. ABŞ-da enerji xərclərinin artması Fed-in daha sərt monetar siyasət yürüdə biləcəyi ilə bağlı gözləntiləri gücləndirir. Bu isə iqtisadi aktivliyin və nəticədə neftə olan tələbin zəifləyə biləcəyi ehtimalını artırır.

Sərt pul siyasəti ilə bağlı gözləntilərin dolları gücləndirməsi də neft qiymətlərinə əlavə təzyiq yaradır. Dolların bahalaşması nefti digər valyutalardan istifadə edən alıcılar üçün daha bahalı edir. Beləliklə, hazırda neft bazarında iki əsas istiqamət qarşı-qarşıya dayanır: Yaxın Şərqdə geosiyasi risklər qiymətləri yuxarı çəkir, diplomatik həll və regiondan neft tədarükünün bərpası ilə bağlı gözləntilər isə qiymətləri aşağı salır.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)