Gürcüstan Azərbaycandan daha çox turist cəlb etməyi planlaşdırır
Gürcüstanın Milli Turizm Administrasiyası ölkənin turizm imkanlarını təşviq etmək məqsədilə xüsusi kampaniyanı iyulun sonuna qədər davam etdirəcək.
ENA.az xəbər verir ki, dövlət qurumu daxili və xarici turizmin inkişafı üçün sosial şəbəkələrdə “#SpendYourSummerInGeorgia” və “#EmotionsAreGeorgia” kampaniyaları keçirir.
Təşviqat kampnaiyası üçün hədəf ölkələr Azərbaycan, Ukrayna, Belarus, Qazaxıstan, Litva, Latviya, Polşa, Çexiya, Almaniya, Fransa və digər dövlətlər seçilib.
Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycandan Gürcüstana 497 937 nəfər səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12 204 nəfər yaxud 2,5% çoxdur.
2019-cu ilin ilk 5 ayı ərzində Gürcüstana ən çox səfər edən əcnəbilər arasında Azərbaycan vətəndaşları ikinci yeri tutub.
Hesabat dövründə birinci yerdə 539 432 nəfərlə Rusiya qərarlaşıb. İyulun 8-dən etibarən Rusiya aviaşirkətlərinin Gürcüstana uçuşuna qoyulan qadağadan sonra rusiyalı turistlərin sayında kəskin azalma müşahidə olunacaq. Gürcüstan hökuməti turizm sahəsinə dəyəcək zərəri aradan qaldırmaq üçün tədbirlər planı hazırlayır.