DSMF: Proaktiv xidmətlərin əhatə dairəsi xeyli genişləndiriləcək
Bu ilin əvvəlindən ölkəmizdə ilk proaktiv xidmət kimi pensiyaların avtomatlaşdırılmış qaydada təyinatına başlanılıb. Sosial təminat sisteminin digər sahələri üzrə də avtomatlaşdırılmış təyinat sistemlərinin qurulması işləri davam edir və bu işlər nəticəsində proaktiv xidmətlərin əhatə dairəsi xeyli genişləndiriləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "ENA"ya verilən məlumata görə, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) direktoru Himalay Məmişov Fondda sosial təminat sahəsində görülən işlərə, aparılan islahatlara və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə bildirib.
İclasda DSMF-in 2019-cu ilin birinci rübünə dair fəaliyyəti, xüsusilə dövlət başçısının əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə imzaladığı Fərman və Sərəncamların icrası sahəsində görülmüş işlər müzakirə olunub.
H. Məmişov cari il martın 1-dən pensiyanın minimum məbləğinin 40% artırılaraq 160 manata çatdırılmasının 233 min pensiyaçının pensiyasında əhəmiyyətli artıma imkan verdiyini deyib. O, həmçinin 15 aprel 2019-cu il tarixli Sərəncam və Fərmanlarla sosial müavinət və təqaüdlərin orta hesabla 100% artırılmasının 600 minə yaxın vətəndaşın rifahına ciddi dəstək olduğunu vurğulayıb. O, şəhid ailələrinin, əlilliyi olan şəxslərin, sağlamlıq imkanları məhdud uşaqların və b. həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirləri də qeyd edib.
İclasda müvafiq artımların edilməsi üçün aparılmış işlər, DSMF-in fəaliyyət sahələrində əhaliyə xidmətlərin keyfiyyətinin yüksəldilməsi, vətəndaş məmnunluğuna nail olunması, icra intizamına əməl olunması üçün görülən işlər müzakirə edilib. Fondun cari ildə qarşısında duran vəzifələrdən bəhs olunub, bu vəzifələrin icrasının təmin edilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.