Azərbaycanda beynəlxalq “İnnovasiyalar həftəsi” keçiriləcək

26-30 oktyabr tarixlərində Azərbaycanda ilk dəfə olaraq beynəlxalq “İnnovasiyalar həftəsi” keçiriləcək.

Bİ.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Mərkəzi ilə birgə keçirdiyi layihə çərçivəsində yüksək texnologiyalar, innovasiyalar sahəsində ən son yeniliklərlə tanışlıq, konfrans, forum və yarışlarda iştirak etmək, təşkil olunacaq sərgini ziyarət etmək, eləcə də dünyanın ən ağıllı robotu hesab olunan “Sofiya” ilə ünsiyyət qurmaq imkanı yaranacaq.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə həyata keçiriləcək layihə çərçivəsində gənclər yüksək texnologiyalar və innovasiyalar sahəsində ən son yeniliklərlə tanış olmaq, konfrans, forum və yarışlarda iştirak etmək, təşkil olunacaq sərgini ziyarət etmək imkanı əldə edəcəklər.

“İnnovasiyalar həftəsi” çərçivəsində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, Azərbaycan Kiber İdman Federasiyası, “Keepface”, “Microsoft” və digər şirkətlərin dəstəyi ilə silsilə tədbirlər təşkil olunacaq.

“İnnovasiyalar həftəsi”ndə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə “Microsoft” şirkətinin təşkil etdiyi “dəyirmi masa”da investisiya mühitinin inkişafı ilə bağlı məsələlər müzakirə olunacaq, Azərbaycan Kiber İdman Federasiyası ilə birgə “Baku Open Cyber Cup” turniri keçiriləcək.

İnnovasiyalar həftəsi” çərçivəsində Yüksək Texnologiyalar Parkı tərəfindən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, eləcə də bir sıra dövlət  qurumları üçün zəruri məsələlərin real zaman kəsiyində həlli yollarını təklif edən ideya yarışı (“Hackathon”) təşkil ediləcək. “Burada iştirakçılar qarşıya qoyulan problemin çevik və innovativ həlli yollarını təklif etməlidirlər. Qalib ideyalar tətbiq olunmaqla yanaşı, həm də mükafatlandırılacaq.

“İnnovasiyalar həftəsi”ndə həm də “İdeyadan Biznesə”  layihəsi çərçivəsində keçirilən startap turlarının qaliblərinin yarışacağı böyük final təşkil ediləcək.

Bundan başqa Yüksək Texnologiyalar Parkı ilə “AstroLabs” akselerasiya mərkəzi arasında yerli startaplar üçün xarici investisiyaların cəlb edilməsi üzrə memorandumun imzalanması da nəzərdə tutulub. Ümumiyyətlə, bu həftə ərzində tədbirlərin siyahısı genişlənə bilər.