«Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli Qanunu, maddə 1.1.27:
tələb olunan kapital – sığortaçının maliyyə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsi üçün tələb olunan vəsaiti ifadə edən məbləğ.
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2008-ci il 14 noyabr tarixli “Sığortaçıların tələb olunan kapitalının müəyyənləşdirilməsi Qaydalar”ı, bənd 2:
2.1. Sığortaçının tələb olunan kapitalı həyat və qeyri-həyat sığortaları üzrə ayrı-ayrılıqda müəyyən edilmiş aşağıdakı iki kəmiyyətdən böyük olanıdır:
2.1.1. tələb olunan kapitalın sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilən minimum məbləği;
2.1.2. sığortaçının bu Qaydalara əsasən hesablanmış ödəmə qabiliyyətinin tələb olunan səviyyəsi.
“Sığortaçıların və təkrarsığortaçıların tələb olunan kapitalının minimum məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 2008-ci il 31 iyul tarixli, Q-09 nömrəli Qərarı,
bənd 1: 2008-ci il 01 avqust tarixdən 2009-cu il 01 yanvar tarixədək sığortaçının tələb olunan kapitalının minimum məbləği fəaliyyət göstərən sığortaçılar üçün 800 (səkkiz yüz) min manat, fəaliyyət göstərən təkrarsığortaçılar üçün isə 1,6 milyon (bir milyon altı yüz min) manat müəyyən edilsin. (mərhələli qaydada 2013-cü il 01 yanvar tarixinədək müvafiq olaraq 5 mln. və 10 mln. manatadək artırılmaqla).
bənd 2: Bu qərar qüvvəyə mindiyi tarixdən sonra təsis edilən sığortaçıların tələb olunan kapitalının minimum məbləği 5 (beş) milyon manat, təkrarsığortaçıların tələb olunan kapitalının minimum məbləği isə 10 (on) milyon manat müəyyən edilsin.
|