A-dan Z-yə terminlər (103)
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z   Filtri ləğv et

Tibbi sığorta

Sözün izahı

 

Xəstəlik və ya xəsarət nəticəsində zəruri olan tibbi müayinə, müalicə və bunlarla əlaqədar digər müvafiq xərclərə görə təminatı nəzərdə tutan sığorta.

Misal:            

Şəxs özünü 30 000 manat məbləğində bir il müddətinə tibbi sığorta etdirir. Sığorta müqaviləsinə daxil olan tibbi sığorta proqramında bəzi risklər istisna olmaqla, əksər xəstəliklərdən və xəsarətlərdən təminat verilmişdir. Sığorta ili ərzində şəxsin bir neçə dəfə hərarəti qalxır və hər dəfə sığortaçının əməkdaşlıq etdiyi tibb müəssisəsinə (tibb müəssisələrinin siyahısı adətən sığorta müqaviləsinə əlavə edilir) müraciət edərək, tibbi sığorta kartını göstərməklə pulsuz müayinə olunur və həkimin yazdığı resept əsasında yenə də sığortaçının əməkdaşlıq etdiyi apteklərdən dərman vasitələrini pulsuz alır (apteklərin siyahısı da tibbi sığorta müqaviləsinə əlavə edilir) və müalicə olunur. Sığorta ödənişi isə müayinə, müalicə və dərman vasitələrinin dəyərinin əvəzinin tibb müəssisəsinin və aptekin sığorta şirkətinə sonradan göndərdiyi hesab əsasında həmin müəssisəyə və ya aptekə ödənilməsi yolu ilə həyata keçirilir.

Azərbaycan Respublikasının qanunvericiliyinə istinad

«Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli Qanunu, maddə 14.3.1.2.

tibbi sığorta proqramına daxil edilən tibbi xidmətlərə görə sığorta olunanın tibb müəssisələrinin ona göstərdiyi xidmətlərlə əlaqədar yaranan xərclərinin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan tibbi sığorta (qeyri-həyat sığortasına daxil olan, sığorta obyektinə görə şəxsi sığortaya aid siniflərdəndir);

Beynəlxalq təcrübədən nümunə

Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının «Sığorta Terminləri lüğəti» (2005), səh.32:

Sağlamlıq sığortası (eng.–health insurance) – bədən xəsarəti və ya xəstəlik nəticəsində yaranan itkilərin, yaxud da xəstəlik və ya bədən xəsarəti nəticəsində zəruri olan tibbi xərclərin əvəzinin ödənilməsini nəzərdə tutan bütün növ sığortaları şamil edilən ümumi termin.

Con Klark “Sığorta və maliyyə beynəlxalq lüğəti”, Çikaqo və London-1999, səh.220.

tibbi sığorta (eng.–medical insurance) – … tibbi müalicə xərclərinə təminat verən sığorta