A-dan Z-yə terminlər (103)
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z   Filtri ləğv et

Sığortaçı

Sözün izahı

 

Müəyyən yurisdiksiyada sığorta fəaliyyətini həyata keçirmək üçün qanunla nəzərdə tutulmuş qaydada səlahiyyətləndirilmiş, sığorta müqaviləsində nəzərdə tutulan hallarda və qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan hüquqi şəxs.

Misal:

Şəxs öz mənzilini sığorta etdirmək istəyir. Ona sığorta fəaliyyəti ilə məşğul olmaq hüququ olan təşkilatlardan birinə müraciət etmək tövsiyə olunur. Şəxs sığorta şirkətinə müraciət edərkən onun doğrudan da sığorta təminatı vermək hüququnu təsdiq edən sənədinin olub-olmadığını öyrənmək istəyir. Sığorta şirkətinin nümayəndəsi ona şirkətin sığorta nəzarəti orqanı tərəfindən sığorta fəaliyyətinə verilmiş lisenziyasını göstərir vəbu məlumatı sığortaya dövlət nəzarətini həyata keçirən dövlət orqanının (Maliyyə Nazirliyinin) rəsmi internet saytından da əldə olunması imkanını ona bildirir. Bundan sonra şəxs sığorta şirkəti ilə müqavilə bağlayır və sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq, sığorta haqqını ödəyir. Səlahiyyətli dövlət orqanının verdiyi lisenziya əsasında şəxslə sığorta müqaviləsi bağlayan, sığorta haqqını qəbul edən və bunun müqabilində sığorta hadisəsinin baş verməsi halında sığorta ödənişi vermək vəzifəsi daşıyan sığorta şirkəti sığortaçı adlanır.

Azərbaycan Respublikasının qanunvericiliyinə istinad

«Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli Qanunu, maddə 1.1.3:

Sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya malik olan, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi olan yerli hüquqi şəxs.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi, maddə 884.3:

Sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi.

Beynəlxalq təcrübədən nümunə

Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının «Sığorta Terminləri lüğəti» (2005), səh. 37:

Sığortaçı (eng.–insurer) – qarşılıqlı sığorta da daxil olmaqla, sığorta risklərini sığortalayan (xalis təkrarsığorta istisna olmamaqla) lisenziyalaşdırılmış hüquqi şəxs.

Qazaxıstan Respublikasının 2000-ci il 18 dekabr tarixli “Sığorta fəaliyyəti haqqında” Qanunu, maddə 3:

Sığortaçı (рус.– страховщик)–səlahiyyətli orqanın verdiyi müvafiq lisenziya əsasında n və ya qarşılıqlı sığorta haqqında Qazaxıstan Respublikasının qanunvericiliyinə uyğun olaraq lisenziyasız sığorta müqavilələrinin bağlanması və icrası üzrə fəaliyyəti həyata keçirən hüquqi şəxs.

Rusiya Federasiyasının Mülki Məcəlləsi, II Hissə - 1996-cı il, maddə 938:

Sığorta müqaviləsini sığortaçı qismində müvafiq sığorta növünü aparmağa icazəsi (lisenziyası) olan hüquqi şəxs bağlaya bilər.