ABŞ-da seçkilərin nəticələri fonunda qlobal bazarlarda volatillik artıb
ABŞ-da aralıq seçkilərin ilkin nəticələrinin Demokratların Konqresin hər iki palatasında nəzarəti ələ keçirə biləcəyinə işarə etməsi qlobal maliyyə bazarlarında satışlara səbəb olub.
ENA.az xəbər verir ki, seçkilərin ilkin nəticələri Prezident Donald Tramp administrasiyasının siyasət imkanlarının məhdudlaşacağı gözləntilərini gücləndirib. Bu fonda ABŞ fond bazarlarının fyuçersləri və dollar ucuzlaşıb, ABŞ Xəzinədarlıq istiqrazlarının qiymətləri isə yüksəlib.
S&P 500 indeksinin fyuçersləri əvvəlki 0,5%-lik artımı itirərək 1,3% geriləyib. Texnologiya şirkətlərinin səhmlərini əhatə edən Nasdaq 100 fyuçersləri 2,3%, MSCI Asiya-Sakit okean indeksi 1,8%, Bitcoin isə 2,5% ucuzlaşıb.
Pepperstone şirkətinin strateqi Dilin Wu bildirib ki, Demokratların seçkilərdə güclü nəticə göstərməsi şirkətlərə nəzarətin sərtləşdirilməsi və süni intellekt sahəsində xərclərin daha ciddi araşdırılması ehtimalını artıraraq bazarlardakı qeyri-müəyyənliyi gücləndirib. Onun sözlərinə görə, texnologiya səhmlərinin qiymətləndirmələri onsuz da təzyiq altında olduğundan seçkilərin nəticələri mövcud narahatlıqları daha da dərinləşdirib.
ABŞ-ın 10 illik Xəzinədarlıq istiqrazlarının gəlirliliyi 6 baza bəndi azalaraq 4,90%-ə düşüb. Beşillik istiqrazların gəlirliliyi isə 9 baza bəndədək geriləyərək 4,68%-ə enib.
Valyuta bazarında İsveçrə frankı dollar qarşısında 0,7%, yen 0,6%, avro isə 0,4% bahalaşıb.
Credit Agricole CIB-nin strateqi David Forrester hesab edir ki, məlumat mərkəzlərinə investisiyaların məhdudlaşdırılması və süni intellekt sektorunun inkişafının yavaşlaması ehtimalı dollar üzərində əlavə təzyiq yarada bilər.
Mənbə: Bloomberg HT



















