Beş böyük texnologiya şirkətinin səhmləri 50%-dən çox ucuzlaşıb
Süni intellekt infrastrukturuna yönəldilən böyük investisiyaların gəlirliliyi ilə bağlı narahatlıqlar texnologiya sektorunda səhmlərin kəskin ucuzlaşmasına səbəb olub. Beş iri texnologiya şirkətinin səhmləri yay aylarında qeydə alınan maksimum qiymətlərlə müqayisədə son minimum səviyyələrdə 50%-dən çox dəyər itirib.
ENA.az xəbər verir ki, ən böyük eniş “Intel” səhmlərində qeydə alınıb. Şirkətin səhmləri 58% ucuzlaşıb. “Arm Holdings” 55%, “SanDisk” 53%, “Oracle” və “KLA Corporation” isə hər biri 52% dəyər itirib.
Eyni zamanda, “Nasdaq 100” indeksi təxminən 10% geriləyərək korreksiya həddinə yaxınlaşıb.
Analitiklər satış dalğasının əsas səbəblərindən birini məlumat mərkəzlərinə və süni intellekt infrastrukturuna ayrılan vəsaitlərin gələcəkdə nə dərəcədə gəlir gətirəcəyinə dair şübhələrlə əlaqələndirirlər. Xüsusilə 2027-ci ildə kapital xərclərinin pik həddə çataraq sonradan azalacağı ehtimalı investorların narahatlığını artırır.
“JPMorgan”ın oktyabr ayındakı qiymətləndirməsinə görə, “Amazon”, “Alphabet”, “Meta”, “Oracle” və “Microsoft”un süni intellektlə bağlı kapital xərcləri 2026-cı ildə ümumilikdə 900 milyard dollara çata bilər. 2027-ci ildə isə bu məbləğin 1 trilyon dolları ötəcəyi gözlənilir.
“Goldman Sachs”ın hesablamalarına əsasən, süni intellekt investisiyalarının borc hesabına maliyyələşdirilən hissəsi 2025-ci ildəki 26%-dən 2026-cı ildə 33%-ə yüksələcək. 2027-ci ildə bu göstəricinin 35%-ə çatacağı və təxminən 400 milyard dollar təşkil edəcəyi proqnozlaşdırılır.
Bununla belə, bütün analitiklər süni intellekt investisiyalarının azalmasını mənfi qiymətləndirmirlər. “Bank of America”nın analitiki Vivek Arya hesab edir ki, sifariş portfelinin 2,5 trilyon dolları ötməsi və şirkətlərin süni intellekti tətbiq etməsinin genişlənməsi tələbin hələ də güclü olduğunu göstərir. Onun fikrincə, investisiyaların daha ölçülü aparılması hesablama gücü çatışmazlığını uzada və çip istehsalçıları üçün gəlir artımını daha uzun müddətə təmin edə bilər.



















