A-dan Z-yə terminlər (103)
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z   Filtri ləğv et

Sığorta qaydaları

Sözün izahı

 

Sığortaçı, habelə sığortaçının üzvü olduğu və ya ona nəzarət edən qurum tərəfindən müəyyən sığorta növü üzrə hazırlanan, sığorta müqavilələrinin standart şərtlərini əks etdirən sənəd.

Əlavə izahat:

Sığortaçı hər hansı sığorta növü ilə məşğul olmaq istəyirsə, bunun üçün sığorta nəzarəti orqanından icazə almalıdır. Məsələn, fərdi qəza sığortası üzrə sığorta müqavilələri bağlamaq istəyən sığortaçı fərdi qəza sığortasını necə, hansı şərtlərlə aparacağı barədə öz daxili sənədini hazırlayır və razılaşdırılması üçün sığorta nəzarəti orqanına təqdim edir. Həmin sənəddə fərdi qəza sığortasının standart şərtləri, sığortanın obyekti, sığorta təminatının hansı risklərdən verilməsi, hansı hallarda sığorta ödənişindən imtina edilməsi və s. bu kimi məqamlar konkret olaraq açıqlanır. Sığorta nəzarəti orqanı sığorta qaydaları adlanan bu sənəddə qanunvericiliyə zidd olan məqamlar aşkar etmədiyi, habelə həmin qaydaları fərdi qəza sığortası üzrə təcrübəyə və sığortaçının potensialına uyğun hesab etdiyi halda sığortaçıya fərdi qəza sığortası üzrə fəaliyyət göstərməyə icazə verir. Eyni sığorta növü üzrə hər bir sığortaçının öz sığorta qaydaları olur. Əhali üçün daha çox əhəmiyyət kəsb edən sığorta növləri üzrə sığorta qaydalarını dövlət vahid formada və hamı üçün məcburi olan şərtlərlə müəyyən edə bilər. Bu halda həmin növ üzrə fəaliyyət göstərməyə icazəsi olan sığortaçılar bağladıqları sığorta müqavilələrində həmin vahid qaydalara əsaslanmalıdırlar.

Azərbaycan Respublikasının qanunvericiliyinə istinad

«Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli Qanunu,

maddə 1.1.12: sığorta qaydaları - sığorta qanunvericiliyinə uyğun olaraq, sığortaçının həyata keçirdiyi könüllü sığorta növünün əsaslandığı, sığortaçının özü tərəfindən və ya sığorta qanunvericiliyində nəzərdə tutulmuş digər qaydada hazırlanan, həmin sığorta növü üzrə qayda və şərtləri müəyyən edən sənəd.

maddə 16.5: Sığorta nəzarəti orqanı fiziki şəxslərə təqdim edilən müəyyən könüllü sığorta növü üzrə bütün sığortaçılar üçün məcburi olan sığorta qaydalarını qəbul edə bilər.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi, maddə 915:

Sığortaçının təklif etdiyi könüllü sığorta növünün sığorta qanunvericiliyində müəyyən edilmiş qaydada aparılmasının əsaslandığı, həmin sığorta növü üzrə qayda və şərtlərin məcmusu olan sığorta qaydaları sığorta qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, sığortaçının özü tərəfindən və ya qanunvericilikdə nəzərdə tutulmuş digər qaydada müəyyən edilir.

Beynəlxalq təcrübədən nümunə

Rusiya Federasiyasının Mülki Məcəlləsi, II Hissə - 1996-cı il, maddə 943, bənd 1:

Sığorta müqaviləsinin şərtləri müvafiq sığorta növü üzrə sığortaçı və ya sığortaçılar birliyi tərəfindən təsdiqlənmiş və ya qəbul edilmiş standart qaydalarda (sığorta qaydalarında (рус.–правила страхования) müəyyən edilə bilər.

Litva Respublikasının 2003-cü il 18 sentyabr tarixli “Sığorta haqqında” Qanunu,

maddə 2, bənd 23:Sığorta müqaviləsinin şərtləri (eng.–insurance policy conditions)– sığortaçı tərəfindən hazırlanmış, sığorta müqaviləsinin standart şərtləri.

maddə 75, bənd 1: Tərəflər arasındakı müqavilədən əvvəlki münasibətlər, sığorta müqaviləsinin qayda və şərtləri Mülki Məcəlləyə və bu Fəsilə (Fəsil V. Sığorta müqaviləsi və şərikli sığorta)uyğun olmalıdır.

maddə 206, bənd 1: Nəzarət Komissiyasının sığorta müqaviləsinin şərtlərinin və ya digər qayda və şərtlərin…əvvəlcədən və ya mütəmadi olaraq razılaşdırılması üçün ona təqdim olunmasını tələb etmək hüququ yoxdur. Nəzarət Komissiyası sığortaçıya müraciət edərək sığorta müqaviləsinin şərtlərinin və ya digər qayda və şərtlərin…ona təqdim edilməsini tələb edə bilər.