A-dan Z-yə terminlər (103)
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z   Filtri ləğv et

Sığorta predmeti

Sözün izahı

 

Sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu, şəxsi sığorta üzrə fiziki şəxs; əmlakın sığortası üzrə hər hansı əmlak; mülki məsuliyyətin sığortası üzrə mülki məsuliyyətin yaranması halı.

Misal və əlavə izahat:        

Şəxs sığortaçı ilə mənzilinin sığorta etdirilməsi barədə sığorta müqaviləsi bağlayır. Burada sığortalanmış mənzil sığorta predmeti kimi çıxış edir. Bəzən sığorta predmeti ilə sığorta obyekti qarışdırılır. Göstərilən misalda sığorta obyekti sığortalanmış mənzil deyil, həmin mənzillə bağlı şəxsin əmlak mənafeyidir. Əgər şəxs özünü və ya ailəsinin hər hansı bir üzvünü tibbi sığorta etdirmiş olsa, bu zaman sığorta predmeti sağlamlığı sığortalanmış şəxs özü və ya ailə üzvü olacaq.

Azərbaycan Respublikasının qanunvericiliyinə istinad

Azərbaycan Respublikasının Mülki Məcəlləsi,

maddə 886.3: Sığorta predmeti sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu fiziki şəxs, əmlak və ya haldır.

maddə 889.2:Sığorta marağının mövcudluğu qanunvericiliklə və ya qanunvericiliyə uyğun olaraq bağlanmış mülki-hüquqi müqavilə ilə tanınır. Sığortalı ilə sığorta predmeti arasında bu cür tanınan əlaqə yoxdursa, sığorta marağının mövcud olmadığı hesab edilir.

«Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli Qanunu, maddə 1.1.17:

sığorta predmeti – sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu fiziki şəxs, əmlak və ya hal.

Beynəlxalq təcrübədən nümunə

F. D. Rose “Dəniz sığortası üzrə hüquq və təcrübə” 1-ci Nəşr, 2004, Böyük Britaniya, ISSN: 1 84311 247 7, 2-ci Fəsil:

Dəniz riskləri üzrə itkiyə məruz qalma ehtimalı olan hər bir şey dəniz sığortasının predmeti (eng.–items of marine insurance) ola bilər.

Tulinov V.V., Qorin V.S. “Sığorta və risklərin idarə edilməsi” Terminoloji lüğət, Moskva, “Nauka”-2000:

Sığorta əməliyyatlarında “predmet” dedikdə, sığorta müqaviləsi üzrə sığortalananlar nəzərdə tutulur.