A-dan Z-yə terminlər (103)
A   B   C   Ç   D   E   Ə   F   G   Ğ   H   X   I   J   K   Q   L   M   N   O   Ö   P   R   S   T   U   Ü   V   Y   Z   Filtri ləğv et

Qaytarılan məbləğ

Sözün izahı

 

Həyatın yığım sığortası üzrə müqaviləyə vaxtından əvvəl xitam verilərkən aktuar metodlar əsasında sığorta müqaviləsinə xitam verilmə tarixinə hesablanmış sığorta ehtiyatının sığortalıya ödənməli olduğu hissəsi.

Misal:

Şəxs 30 yaşındadır və 70 yaşa çatmaya qədər həyatın yığım sığortası müqaviləsi bağlayıb. Bu müqaviləyə əsasən şəxs hər il sığortaçıya 500 manat sığorta haqqı ödəyir. 60 yaşına çatarkən bu müqaviləyə vaxtından əvvəl xitam vermək qərarına gəlir və sığortaçı bununla razılaşır. Həmin tarixədək şəxs 15.000 manat (500x30 il =15.000 manat) sığorta haqqı ödəmişdir. Müqaviləyə vaxtından əvvəl xitam verilməsinə görə sığortaçı həmin şəxsə 50.000 manat pul qaytarır və bu vəsait qaytarılan məbləğ adlanır. Burada 15.000 manat məbləğində yığım vəsaiti, əlavə hesablanmış 35.000 manat isə şəxsin vaxtaşırı ödədiyi yığım vəsaitinin investisiyasından əldə olunan gəlirin sığortalının payına düşən hissəsidir və bu bölğü sığorta müqaviləsində əvvəlcədən razılaşdırılmışdır.

Azərbaycan Respublikasının qanunvericiliyinə istinad

«Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli Qanunu,

maddə 1.1.16: qaytarılan məbləğ – həyatın yığım sığortası üzrə müqaviləyə vaxtından əvvəl xitam verilərkən sığortaçının sığortalıya ödəməli olduğu pul məbləği.

maddə 6.1.2:hər hansı sığorta müqaviləsinin sığorta məbləği və ya qaytarılan məbləğ (sığorta sirri hesab edilir.)

maddə 17.1:Həyatın yığım sığortası üzrə fəaliyyət göstərən sığortaçı sığorta olunan şəxsə sığorta müqaviləsinin ən azı 2 il müddətində qüvvədə olması şərti ilə, qaytarılan məbləğin 50 faizi həddində, həmin məbləğ girov qoyulmaqla borc verə bilər.

Beynəlxalq təcrübədən nümunə

Almaniya Federativ Respublikasının Sığorta müqaviləsi Aktı - 2008-ci il, maddə 169, bənd (3):

Qaytarılan məbləğ (eng.-surrender value) qəbul edilmiş aktuar qaydalara uyğun olaraq, sığorta haqqının hesablanması əsaslarından istifadə etməklə cari sığorta müddətinin sonuna hesablanan sığorta haqqı ehtiyatıdır, sığorta müqaviləsinə (vaxtından əvvəl)xitam verildiyi halda isə, birinci beş sığorta ili üzrə hesablanan əldəetmə və bölüşdürmə xərclərinin simmetrik yerləşdirilməsindən alınan sığorta haqları ehtiyatının məbləğidir.

Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının «Sığorta Terminləri lüğəti» (2005), səh.14:

Nağd qaytarılan məbləğ (eng.-cash surrender value) – ölüm və ya müəyyən yaşa çatma ilə bağlı ödəniş verilməmişdən əvvəl (sığorta) polis(in)ə (vaxtından əvvəl)könüllü xitam verildiyi halda nağd əldə edilə bilən məbləğ.

Bolqarıstan Respublikasının Sığorta Məcəlləsi - 2005-ci il, maddə 240:

Həyat sığortasında sığorta müqaviləsinin qüvvəyə mindiyi tarixdən ən azı iki il müddətin keçdiyi halda sığortaçı sığorta olunanın tələbi ilə sığorta müqaviləsi üzrə qaytarılan məbləği (eng.-redemption value)və həmin müddət ərzində ödənilmiş bütün sığorta haqlarını ödəmək öhdəliyi daşıyır.