Ödəmə qabiliyyəti
Sözün izahı
Sığortaçının (təkrarsığortaçının) öhdəliklərinin istənilən vaxt və tam həcmdə yerinə yetirmək imkanı.
Misal:
Azərbaycan Respublikasında fəaliyyət göstərən “A” sığortaçının aktivlərinin ümumi dəyəri 5 000 000 manat, məcmu kapitalı isə 3 400 000 manatdır. Fərz edək ki, sığortaçıların tələb olunan kapitalının minimum məbləği 3 000 000 manat müəyyən edilib. Bu halda “A” sığortaçının bağladığı sığorta müqavilələri üzrə öhdəliklərin onun məcmu kapitalı ilə nisbəti qanunvericilikdəki normativlərlə uyğun gəldiyi halda (məsələn, əmlak sığortası üzrə sığortalanmış bir müəssisə üzrə üzərində saxladığı risklərin həcmi məcmu kapitalının 10 %-dən çox deyilsə), A sığortaçı ödəmə qabiliyyətli sayılır.
Azərbaycan Respublikasının qanunvericiliyinə istinad
«Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli Qanunu, maddə 79.1:
Sığortaçının maliyyə sabitliyi və ödəmə qabiliyyəti onun maliyyə öhdəliklərini vaxtında və tam həcmdə yerinə yetirmək imkanları ilə şərtlənir.
Beynəlxalq təcrübədən nümunə
Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının «Sığorta Terminləri lüğəti» (2005), səh. 55 (səh. 9):
Ödəmə qabiliyyəti (eng.-solvency)–sığortaçının bütün müqavilələr üzrə öhdəliklərini hər zaman yerinə yetirmək imkanıdır. (kapital uyğunluğu, maliyyə sağlamlığı).
Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının “Sığortanın Əsas Prinsipləri və metodologiyası” (oktyabr, 2003), sığortanın 23-cü əsas prinsipi:
Sığorta nəzarəti orqanı sığortaçılardan müəyyən edilmiş ödəmə qabiliyyəti rejiminə əməl etməyi tələb edir. Bu rejim kapital uyğunluğu tələblərini və kapitalın sığortaçıya hər hansı əhəmiyyətli, gözlənilməz itkiləri həzm etmək imkanı verən strukturunu əhatə edir.
Qazaxıstan Respublikasının 2000-ci il 18 dekabr tarixli “Sığorta fəaliyyəti haqqında” Qanunu, maddə 46, bənd 3:
Ödəmə qabiliyyətinin səviyyəsi (рус.-маржа платежеспособности) sığorta (təkrarsığorta) şirkətinin aktivlərinin onun öhdəliklərindən yuxarı olmasını ifadə edir.