Bank

Azərbaycandakı türk bankından 28 milyon depozit geri çəkilib, niyə? - HESABAT

Maliyyə böhranı zamanı Azərbaycan bazarına daxil olan Türkiyənin dövlət bankı – “Ziraat Bank”ın mənfi tendensiya göstərən göstəricilərinin sayı getdikcə artmağa başlayıb. ENA.az oxucuları üçün mühüm məqamların təhlilini təqdim edir.

Alınmış faizlər düşüb

“Ziraat Bank Azərbaycan”ın 30.06.2019-cu il hesabatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə  alınmış faizlər 6 milyon 612 min manatdan 6 milyon  523 min manata düşüb. Yəni, bankın qiymətli kağızlara qoyulmuş səhmlərdən gələn gəlirlər, verilmiş kreditlərdən yığılmış faizlər azalıb.

Ödənilmiş faizlər isə 57% yüksəlib və 2 milyon 581 min manat təşkil edib. Bu isə o deməkdir ki, bankda digər bankın nostro hesabı varsa ona ödənilən faizlər, müddətli depozitlər üzrə bankın faiz xərcləri artıb.  

“Ziraat Bank Azərbaycan” 2018-ci ilin ikinci rübündə manatla məzənnə fərqindən 82 min manat gəlir açıqladığı halda 2019-cu ilin ikinci rübündə bu əməliyyatlardan 377 min manat qazanıb. Bankın işçilər üzrə xərcləri də düşüb və əmək haqqı fondu 1 milyon 331 min manat təşkil edir.

Pis nümunə

Müştərilərə verilən kreditlərin həcmində 15 milyon 627 min manatlıq bir azalma müşahidə edilir, yəni verilmiş kreditlər ödənilmiş kreditərdən 15 milyondan çox  azdır. 2018-ci ilin ikinci rübündə isə bu fərq cəmi 4 milyon manat təşkil edirdi.

Üstəlik,  “Ziraat Bank Azərbaycan” 2018-ci ilin 6 ayında vaxtı keçmiş kreditlərin həcmində 1 milyon 419 min manatlıq artım olduğunu açıqlasa da, bu il bəzi Azərbaycan banklarının sırasına qoşularaq, vaxtı keçmiş kreditlərinin həcmini gizlədib.

Müştəri hesablarında 14 milyonluq azalma fərqi!

Banklara ödəniləcək vəsaitdə 20 milyon 756 min manatlıq azalma var. Yəni “Ziraat Bank Azərbaycan”da depozit yerləşdirən bankların aktivliyi düşüb. Müştəri cari hesablarında isə 14 milyon 791 min manatlıq bir azalma fəqi ortaya çıxır.  

Pul vəsaitlərinə valyuta məzənnələrinin  dəyişməsinin təsiri nəticəsində bank bu ilin birinci yarısında 22 min manat zərər edib. Pul vəsaitlərinin kassada olan qalığı və müxbir hesablardakı vəsaitinin həcmində isə 44 milyon 740 min manatlıq bir azalma baş verib.

Akitvlər azalıb

Pul vəsaitlərinin hərəkətində qeydə alınan bu mənfi tendensiyalar nəticə etibarilə bankın aktivlərinin həcminə də təsir göstərib. 2019-cu il iyulun 1-nə “Zıraat Bank Azərbaycan”ın aktivləri 194,16 milyon manat olub ki, bu da illik müqayisədə 15,5% azdır. Bunun 117 milyon 732 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. Başqa sözlə, kredit portfelinin akitvlərdə payı 60 faiz təşkil edir.

Aktivlərdə nağd vəsaitlərin həcmi ötən ilin yeni dövrü ilə müqayisədə 801 min manat azalıb. Mərkəzi Bankda müxbir hesabdakı vəsaitin həcmi isə 29 milyon manat azalaraq, 7 milyon 755 min manata düşüb. “Nostro” hesablarda da ciddi düşmə tendensiyası var və 18 milyon manat azalma ilə 9 milyona düşüb. Bankın digər maliyyə institutlarındakı depozitlərinin həcmi də kiçilib və 22 milyon manata düşüb.   

Müştərilər 28 milyon 620 min manat depoziti bankdan çəkiblər

Hesabat dövründə “Zıraat Bank Azərbaycan”ın öhdəlikləri 23,4% azalaraq 124,728 manata düşüb. Öhdəliklərdə ən böyük “ərimə” depozit portfelində baş verib. Bu bankın müştəriləri 28 milyon 620 min manat həcmində pulunu bankdan geri götürüblər. Nəticədə depozitlərin həcmi 30,4% azalaraq 65 milyon 658 min manata düşüb.

16 milyon bölüşdürülməmiş mənfəəti var

Bankın xüsusi kapitalı 66 milyon 662 min manat təşkil edir. Bunun 50 milyon manatı nizamnamə kapitalı, 16 milyon 662 min manatı isə əvvəlki illərdən formalaşmış bölüşdürülməyən xalis mənfəətdir. Ümumilikdə “Zıraat Bank Azərbaycan”ın balans kapitalı 3,5% artaraq 69,432 milyon manata çatıb və bu artımda cari ilin mənfəətinin payı var. 

Mənfəətlə çıxıb

“Zıraat Bank Azərbaycan” ASC bu ilin altı ayını 1 milyon 803 min manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 58,6% çoxdur. 

Yanvar-iyun aylarında bankın gəlirləri 10 milyon 668 min manat, o cümlədən faiz gəlirləri 8 milyon 983 min manat, qeyri-faiz gəlirləri 1 milyon 685 min manat olub.  Xərclər ümumilikdə 6 milyon 247 min manatdır, burada faiz xərcləri 2 milyon 281 min manat, qeyri-faiz xərcləri 3 milyon 966 min manat təşkil edir. Xüsusi ehtiyatlara ayırmaları 2 milyon 575 min manat, mənfəət vergisi ödəmələri isə 43 min manat olub. Təkcə mənfəətdən vergi ödənişi 194 min manat düşüb.  

P.S. Sonda hesabatda diqqətçəkən ən mühüm məqama – “depozit portfelinin əriməsi”nə səbəb kimi gördüyümüz versiyaları diqqətinizə çatdırmaq istərdik. Məlumdur ki, Azərbaycanda banklara inamsızlıq və maliyyə böhranı zamanı “Zıraat Bank Azərbaycan” ASC yerli bazara daxil oldu. Həmin vaxt sağlam və güvənli bir bank kimi daha çox diqqəti çəkdiyindən inkişaf etməyə başladı və bunun üçün bankın hansısa investisiyalar etməsinə ehtiyac belə yox idi. Bir sözlə “avtopilot” rejimində qalxan bank hazırda isə komfort zonasında deyil. Çünki yerli banklar dirçəlməyə başlayıb, üstəlik bu bank kimi passiv deyillər və müxtəlif kredit və depozit məhsulları ilə gündəmə gəlirlər. Eyni zamanda, problemli kreditlərlə bağlı məsələlərin həll olunması yerli banklar üçün əlverişli imkan yaradıb. “Zıraat Bank Azərbaycan” ASC-nin bazardakı passiv fəaliyyəti müştərilər üçün seçimdə digərlərini daha prioritet mövqeyə çıxarıb.

İlhamə XANLARQIZI

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

İlhamə Xanlarqızı