“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri dəyişib
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin idarəçiliyində olan “Aqroservis” ASC-nin (əvvəllki Aqrolizinq) İdarə Heyətinin sədri dəyişib.
Məlumata görə, Mehman Veysəlov dövlət şirkətinin sədri seçilib və 2024-cü ilin sentyabrından etibarn bu vəzifənin icrasına başlayıb.
Buna qədər İdarə Heyətinə Elmin Rəhmanov sədrlik edirdi.
Mehman Veysəlov 2019-cu ilin dekabrından “Modern Şirkətlər Qrupu”nun baş icraçı direktoru idi. Bundan öncə Veysəlov “KPMG Azerbaijan” audit şirkəti, “Ceylan” MMC və bir neçə audit və konsultant sahəsi üzrə fəaliyyət göstərən sahələrdə müxtəlif yüksək vəzifələrdə çalışıb.
Xatırladaq ki, “Aqroservis” 2005-ci ildən fəaliyyət göstərən “Aqrolizinq” ASC-nin bazasında 2020-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 351.6 milyon manatdır. Şirkət kənd təsərrüfatı məhsulları istehsalçılarının, lizinq yolu ilə satılması istisna olmaqla, qanunla müəyyən edilmiş qaydada kənd təsərrüfatı istehsal vasitələri (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, o cümlədən suvarma sistemləri dəsti və avadanlığı, aqrokimyəvi maddələr, bitki mühafizəsi vasitələri, sertifikatlı toxum və ting) ilə təmin edilməsini, aqrotexniki xidmətlər göstərilməsini və bu sahədə fəaliyyətin təşkilini həyata keçirən kommersiya hüquqi şəxsidir.