"Apple"in pilotsuz avtomobili barəsində yeni məlumatlar ortaya çıxdı
İnternetdə Apple şirkətinin pilotsuz avtomobili barəsində yeni məlumatlar ortaya çıxıb. Jurnalistlərin verdikləri məlumatlara əsasən şirkətin ilk avtomobil modeli qeyri adi qapı sisteminə və avtomobil salonunun işıqlandırılması sisteminə sahib olacaq. Bu barədə AppleInsider saytına istinadən Macdigger saytı xəbər verib. Məlumata sasən Apple şirkətinin avtomobili barəsində məlumatlar ABŞ-ın patentlər və ticarət nişanları üzrə agentliyinin məlumatlar bazasında aşkar edilib.
Patentlərdən birində avtomobil salonunnun qeyri adi işıqlandırma sistemi əks olunub. Belə ki, həmin patentə əsasən avtomobil daxilində işığı elə şəkildə işə salmaq olacaq ki, avtomobilin xaricindən həmin işığı görmək mümkün olmayacaq. Bu isə avtomobil şüşələrinə quraşdırılacaq və işıq şüalarını blok edəcək işıq filtrləri sayəsində mümkün olacaq. Salonun daxilindəki işıqlandırma sistemi tamamilə diod işıqlandırma olacaq. İstifadəçi isə təqdim olunacaq bir neçə işıqlandırma rejmindən birini seçə biləcək. İkinci patentdə isə Apple şirkətinin avtomobilinin qeyri adi qapı sistemi əks olunub.
Belə ki, bir çox avotmobillərdə olan standart qapı sistemlərindən fərqli olaraq Apple avtomobilində qapılar yan tərəfə açılacaqlar. Başqa sözlə desək, onlar vaqon qapılarına bənzəyəcəklər. Bu isə öz növbəsində sərnişinlərə avtomobil salonuna rahatlıqla daxil olma imkanını verəcək. Bununla yanaşı məlumata əsasən avtomobil daxilində mərkəzi dayaq hissə olmayacaq. Avtomobilin şüşələri də qeyri adi şəkildə açılacaqlar. Belə ki, onlar aşağı istiqamətdə yox yuxarı istiqamətdə açılacaqlar. Pilotsuz avtomobil Apple mühəndisləri tərəfindən Project Titan layihəsi çərçivəsində hazırlanır. Bu layihə çərçivəsində avtomobilin aparat və proqram təminatı, sensor ötürücüləri və avtomobilin ümumi dizaynı hazırlanır.