Nazirliyə məxsus QSC-nin zərəri 7 milyon manata yaxınlaşıb
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC (MNTM) 2018-ci ili 2 milyon 110 min manat zərərlə başa vurub.
Qurumun maliyyə hesabatına görə, bu, 2017-ci illə 26,4% çoxdur. Mərkəzin yığılmış zərəri isə 44,2% artaraq 6 milyon 885 min manata çatıb.
Ötən il MNTM-in gəlirləri 29 min manat, xidmətlərinin maya dəyəri 156 min manat, ümumi və inzibati xərcləri isə 1 mlyn 983 min manat təşkil edib.
Bu il yanvarın 1-nə Mərkəzin aktivləri 5 milyon 755 min manat olub ki, bu da illik müqayisədə 14,5% azdır. Hesabat dövründə qurumun öhdəlikləri 9,3 dəfə 333 min manata çatıb, balans kapitalı isə 19% azalaraq 5 milyon 422 min manata düşüb.
MNTM 2014-cü ildə 3 milyon manat nizamnamə kapitalı ilə yaradılıb.