Nvidia-nın Avropaya investisiyaları 10 milyard dolları ötə bilər
ABŞ-ın “Nvidia” şirkəti Avropada süni intellekt sahəsinə əlavə 2 milyard dollar investisiya yatırmağı planlaşdırır.
ENA.az xəbər verir ki, şirkətin baş icraçı direktoru Jensen Huang bu barədə oktyabrın 13-də Parisdə keçirilən tədbirdə açıqlama verib. Onun sözlərinə görə, yeni investisiya planlarının gələn həftə elan edilməsi nəzərdə tutulur. Bu məbləğ şirkətin ötən il Avropaya yatırdığı 8 milyard dollara əlavə olacaq.
Huang Fransanın “Doctolib”, “Genesis AI”, “Pigment” və “Entalpic” startaplarına da yeni maliyyə dəstəyi ayrıldığını bildirib. Bu şirkətlər səhiyyə texnologiyaları, robototexnika, biznes proqram təminatı və kimya sahələrində süni intellekt həlləri üzərində çalışırlar.
“Nvidia” rəhbəri Avropanın süni intellekt sahəsində rəqabət qabiliyyətini artırmaq üçün açıq modellərdən istifadənin əhəmiyyətini vurğulayıb. Onun fikrincə, bu modellər daha aşağı xərclə tətbiq oluna və yerli dillərə, eləcə də müxtəlif bazarların ehtiyaclarına uyğunlaşdırıla bilər.
Huangın Avropa səfəri süni intellektin təhlükəsizliyi, məlumat mərkəzlərinin yüksək enerji istehlakı və texnologiyanın sürətli inkişafının mümkün nəticələri ilə bağlı müzakirələrin artdığı dövrə təsadüf edir. Şirkət rəhbəri isə süni intellektin iqtisadi artımı dəstəkləyəcəyini və texnologiyanın təhlükəsiz şəkildə inkişaf etdirilməsinin mümkün olduğunu düşünür.


















