Ekspertdən vergi ombusmanına - MÜRACİƏT
Vergi ombudsmanı cənab E.Məmmədova
Hörmətli Elçin müəllim!
İlk öncə Vergi ombudsmanı təyin olunmağınız münasibəti ilə təbrik edirəm. Bir neçə məsələ barədə məlumat təqdim edərək mövcud vəziyyət barədə bildirirəm ki, hazırda vergi münasibətlərinin iştirakçısı olan vergi orqanları ilə vergi ödəyiciləri arasında "tək qapı futbol" oyunu oynanılır. Qapı ödəyicinindir, vergi orqanı istədiyi an qol vura bilir və ödəyici ücün qol vurmağa Qapı yoxdur. Bu yanaşma heç də sahibkarlığı və investisiyanı təşviq etmir. Bir müddət sonra bunun da pis "qoxusu" çıxacaq.
Tutduğunuz vəzifə Azərbaycan Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulmasada Sizə müraciət etməkdə məqsədim odur ki, qeyd edəcəyim hallar barədə məlumatlı olub aradan qaldırılması üçün səy göstərəsiniz. Əmin deyiləm ki, aradan qaldırılacaq. Lakin ümid edirəm ki, görüntü xatirinə nəticə olacaq.
Həmin halları təqdim edirəm:
1. Artıq ödənilmiş sosial sığorta ödənişləri ilə DSMF üzrə borcları əvəzləşdirmək vergi orqanının vəzifəsi olsada, bu borclar bölüşdürülməmiş ödənişlərlə əvəzləşdirilmir və ödəyicinin bank hesablarına əsasız sərəncamlar qoyularaq hesabdan silinir.
2. Vergi Məcəlləsinin 65.8-ci maddəsi ümumiyyətlə işlək deyil. Məsələn, 10000 manat mübahisəli borc olduğu halda və ödəyicinin 3 bankda hesabı varsa hər 3 hesabda və ümumilikdə 30 min manat vəsait doldurulur. Bankların vəsaiti dondurulması barədə vergi orqanına məlumat vermə mexanizmi işlənib hazırlanmadığı üçün bu məlumat vergi orqanına verilmir və vergi orqanı da digər bank hesablarındakı sərəncamların dərhal geri qaytarılmasını təmin etmir.
3. Kameral vergi hesablanmasından sonra dəqiqələşmiş bəyannamə təqdim etmək mümkün olsada, dəqiqələşmiş bəyannamə məlumatı şəxsi hesab vərəqəsində öz əksini tapmır. Bu yalnız vergi orqanının müdaxiləsindən sonra baş tutur ki, bu da Vergi Məcəlləsinin 72.6-ci maddəsinə ziddir.
4. Fəaliyyətini dayandırmış vergi ödəyicisinə fəaliyyətini dayandırdığını dövr üçün əlaqəli məlumat əsasında verginin hesablanması vergi orqanına qadağan olunduğu halda Vergi Məcəlləsinin 67.8-ci maddəsinə zidd olaraq hesablamalar aparılır.
5. Kameral vergi yoxlaması vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumat əsasında aparılmalı olduğu halda, müfəttişin şübhəsi və ehtimal olunan, eyni zamanda subyektiv mülahizəyə uyğun olaraq vergidən yayınma riski fakt kimi təqdim edilərək hesablanır.
Məlumat üçün qeyd etmək istəyirəm ki, sadalanan hallar faktlara əsaslanır.
Davamı olacaq....
Vergi eksperti - Vəli Əliyev