"Salaam Cinema Baku"nun nümayəndəsi: "Bəzi dövlət qurumlarına dəvət olunmuşuq"
"Biz lazımi qurumlara, o cümlədən ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət etmişdik. O, bütün tarixi abidələri qorunmasına daim öz dəstəyini göstərir və bilirdik ki, bizim müraciətə də tezliklə cavab veriləcək".
Bunu açıqlamasında "Salaam Cinema Baku"nun səlahiyyətli nümayəndəsi İlkin Hüseynov deyib.
O ümid edir ki, Birinci vitse-prezidentin reaksiyasından sonra binanın sökülmə təhlükəsi aradan qalxacaq: "Ümid edirik ki, bundan sonra da bina ictimaiyyət üçün açıq olar. Bu məsələ ətrafında buraya hələ gələn yoxdur, amma artıq bəzi qurumlara dəvət olunmuşuq. Danışıqlar aparacağıq. Biz də öz təkliflərimizi verəcəyik".
"Salaam Cinema Baku"nun nümayəndəsinin sözlərinə görə, mayın 6-da bina sahibinin köməkçisinin hücumlarına məruz qalıblar: "Binanın sahibinin köməkçisi Bəhruz Əhmədov bizə hədə-qorxu gələrək buradan çıxmağımızı tələb edirdi. O, 6-7 fəhləsi ilə birlikdə bura gələrək bizə hücum çəkdi və bizə əl qaldırmağa başladı. Biz bununla bağlı polisə müraciət edəcəyik".