MALİYYƏ

İİB-nin Azərbaycanda həyata keçirdiyi layihələrin başa çatacağı tarix açıqlandı

Azərbaycanda İslam İnkişaf Bankı (İİB) tərəfindən maliyyələşdirilən layihələrin həyata keçirilməsi 2020-ci ilin sonuna qədər başa çatacaq.

Bu barədə ölkə hökumətindəki mənbə məlumat verib.

Mənbənin bildirdiyinə görə, dövlətin xaricdən alınan kreditləri məhdudlaşdıraraq yalnız texnolojı tutumlu layihələrə bəzi hallarda, istisna hal kimi müəyyən məbləğdə kredit cəlb edəcəyi siyasətinə əsaslanaraq hazırda İİB-nən yeni layihələr müzakirə edilmir.

"Layihələrin olmaması səbəbindən İİB-nin Azərbaycanla əməkdaşlığının yeni proqramı üzərində də iş aparılmır", - mənbə deyib.

Hazırda İİB-nin Azərbaycanda aktiv portfeli, təxminən, 265 milyon ABŞ dolları təşkil edir və üç layihədə - 6 şəhərdə (Astara, Daşkəsən, Tərtər, Gədəbəy, Samux və Qazax) su təchizatı və kanalizasiya sisteminin bərpası, suvarılan əkinçiliyin kompleks inkişafı və İslam maliyyələşməsi üzrə hüquqi bazanın hazırlanmasına texniki dəstək layihələrində cəmləşir.

Ümumilikdə, İİB kənd təsərrüfatı, energetika, nəqliyyat, sosial sahə, su təchizatı, ekologiya, ticarət, özəl sektor və s. bu kimi sahələri əhatə edən 68 layihə çərçivəsində Azərbaycan iqtisadiyyatına 1,2 milyard dollardan artıq kredit ayırıb.

Məlumdur ki, Azərbaycanın özü son vaxtlarda beynəlxalq təşkilatlarda, xüsusən də Beynəlxalq İnkişaf Assosiasiyasında (Dünya Bankı qrupuna daxildir) və Asiya İnkişaf Bankının Asiya İnkişaf Fondunda donor kimi iştirak etmək təşəbbüsünü irəli sürür.

İİB-yə daxil olan təşkilatların donor iştirakına gəlincə, Bankın Bakı ofisindən qeyd edilib ki, Azərbaycan belə təşəbbüslə çıxış etməyib, lakin İslam bankının kapitalının hər dəfə artması ilə ölkə öz payına proporsional olaraq ümumi kapitalda ayırmalarını aktiv şəkildə edir.

Azərbaycanın kapitaldakı iştirak payı əvvəlki kimi 0,1% təşkil edir ki, bu da ümumi məbləğdə 50,92 milyon dollar deməkdir.

Azərbaycan 1992-ci ildən İslam İnkişaf Bankının üzvüdür.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)