Maaş 560 manatdır, təhsil haqqı isə 5000 – Vacib qanun niyə qəbul edilmir?
Təhsil kreditləri kimi aktual bir məsələnin yenidən gündəmə gətirilməsi sevindirici və müsbət bir haldır.
Çünki bu məsələnin artıq birdəfəlik həll olunması lazımdır. Hazırda universitetlərdə oxuyanların çoxu ödənişli əsasda təhsil alır.
Orta əmək haqqının 560 manat, işləyənlərin xeyli hissəsinin isə 200-300 manat arasında maaş aldığı bir şəraitdə təhsil haqları 2000-5000 manat arasındadır.
Bunu açıqlamasında millət vəkili, “Təhsil haqqında” qanun layihəsinin həmmüəllifi Əli Məsimli deyib.
O qeyd edib ki, bu səbəbdən də aztəminatlı ailələr bu pulu ödəyə bilmir.
Onun sözlərinə görə, hər il xeyli gənc təhsil haqqını ödəyə bilmədiyindən universitetdən xaric olunur.
“Halbuki təhsil kreditləri barədə ən mükəmməl qanun layihəsini biz – həmkarım Vahid Əhmədovla mən – artıq hazırlayıb paket şəklində təqdim etmişik.
Bu qanunda əsas məsələ aztəminatlı ailələrin övladlarının təhsil haqqını ödəyə bilməməsi, bu səbəbdən universitetlərdən kənarlaşdırılmasına son qoyulmasıdır.
Dəfələrlə müəlliflikdən imtina etməyimiz barədə açıqlama da vermişik.
Təəssüf ki, yenə də bu qanun layihəsinin qəbulunu gecikdirməkdən ötrü müxtəlif və həm də çox səriştəsiz bir tərzdə bəhanələr gətirilir.
Keyfiyyətli təhsil almaq aztəminatlı ailələrin övladları da daxil olmaqla hamının konstitusion hüququdur.
“Təhsil kreditləri haqqında” qanun layihəsinin qəbulu aztəminatlı ailələrin övladlarının bu konstitusion haqdan real şəkildə faydalanaraq təhsilini rahat başa vurmalarına böyük dəstək ola bilər.
Ona görə də nağılvari bəhanələr bir kənara qoyulub, “Təhsil kreditləri haqqında” qanun layihəsi nə qədər tez qəbul edilsə, bu, həm təhsilimiz, həm gənc nəsil, həm aztəminatlı ailələr, həm də dövlət üçün bir o qədər çox faydalı olar”, – deyə Ə. Məsimli sözlərinə əlavə edib.