Bank

"Bankların kreditləşmədə zəif iştirakı problemlərin olmasından xəbər verir"

Azərbaycanda fəaliyyət göstərən bankların kreditləşmədə zəif iştirakı problemlərin olmasından xəbər verir. "BI"nin məlumatına görə, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev bildirib.

Onun sözlərinə görə, bankların kreditləşmədə zəif iştirak etdiyi bildirilir, xüsusən də, biznes sahələrinin kifayət qədər banklar tərəfindən kreditləşməməsi fikirləri səslənir: "Lakin bankların elə əsas işi də budur. Banklar gəlirləri kreditləşmədən əldə edirlər. Onların kreditləşmədə hələ də yaxşı iştirak etməmələri problemlərin olmasından xəbər verir. Hazırda 7 milyard manata yaxın izafi likvid vəsaitlər formalaşıb və bu vəsait iqtisadiyyata transformasiya oluna bilmir. Deməli, problem iqtisadiyyatın özünün keçiriciliyinin olmamasındadır".

Z. Nuriyev əlavə edib ki, söhbət vəsaitlərin sektorda bərabər paylanmaması və paylanmadan sonra iqtisadiyyata ötürülməsi mexanizmlərindən gedir: "Ona görə də biz ümid edirik ki, Azərbaycan Prezidentinin son fərmanından sonra bank sektorunda bu izafi likvidliyin həcmi daha da artacaq və vəsaitlərin qeyri-bərabər bölünməsi aradan qalxaraq qismən yenidən bölünmə baş verəcək və bankların əksəriyyətində likvid vəsaitlər formalaşacaq. Bu zaman ikinci məsələ - sözügedən vəsaitlərin iqtisadiyyata ötürülməsi problemi də həll olunacaq".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)