Bank

"Nikoil Bank"ın pulları necə "hərəkət edib": HESABAT

2018-ci ilin 3-cü rübündən başlayaraq, aktivlərində itki müşahidə olunan “Nikoil” İnvestisiya-Kommersiya Bankı 2019-cu ilin birinci rübündən başlayaraq, artım tendensiyası göstərməyə çalışır. 

Vəsaitlərində 43 milyon azalma var
Bankın pul vəsaitləri və onların ekvivalenti ilə bağlı göstəricilərində isə bu ilin birinci rübündə 43 milyon manat məbləğində azalma var. Halbuki, 2018-ci ilin birinci rübündə bankın 46 milyon 441 min manat dəyərində xalis artımı vardı. Əməliyyat fəaliyyətinə yönəlmiş pulun həcmi isə ötən ilin eyni dövrü ilə müqayisədə 22 milyon manat artıb. Bankın məzənnə dəyişikliklərindən zərəri isə 18 milyon manat olub. 

Aktivləri azalıb
31 Mart 2019-cu il tarixində “NikoilBank” ASC 422 milyon 953 min manat cəmi aktivlərə sahib olub, halbu ki, bir il əvvəl bu göstərici 488 milyon manat idi. Beləliklə,  bankın aktivlərində 16 faizlik azalma qeydə alınıb. Aktivlərin tərkibinə gəlincə, 260 milyon manatı müştərilərə verilmiş kreditlər təşkil edir. Bu isə aktivlərin təxminən 61 faizini təşkil edir və etiraf etmək lazımdır ki, bank sektorunun nümayəndələri arasında pay baxımından ən yaxşı göstəricilərdən biridir. Bank 33 milyon 717 min manatını başqa maliyyə qurumlarında depozit kimi yerləşdirib. 61 milyon manat isə Mərkəzi Bankdakı müxbir hesablarda toplanıb. “NikoilBank”ın birinci rübün sonuna nağd vəsaitlərinin həcmi 12 milyon 957 min manatdır. 

Mərkəzi Bankdan 27 milyon borc alıb
Bankın öhdəlikləri 353 milyon 874 min manat təşkil edir, bir il əvvəl isə cəmi öhdəliklər 388 milyon 625 min manat idi, Göründüyü kimi, öhdəliklərdə 35 milyon manata yaxın azalma baş verib və azalmada depozit portfelinin “əriməsi” də xüsusi yer tutur. Eyni zamanda “NikoilBank”ın digər maliyyə qurumlarından 69 milyon 890 min manat məbləğində kredit alıb. Bankın buraxdığı 8 milyon 500 min manat dəyərində istiqrazlar da bankın öhdəliklərində oturur. Balans kapitalının həcmini müqayisə etsək, bu göstəricidə də itkilər olduğu üzə çıxır. Belə ki, bir il əvvəl 99 milyon 744  min manat balans kapitalı açıqlayan bankda hazırda bu rəqəm 69 milyon 78 min manatdır. Bankın birinci dərəcəli kapitalının həcmi 63 milyon manat, məcmu kapitalının həcmi isə 71 milyon manatdır. Kapitalların adekvatlıq əmsalına baxsaq,  göstəricilər minimum normanın üstündədir, bu isə gəlirliliyin olduğunu göstərir. 

Bu rüb mənfəətə çıxdı
2019-cu ilin yanvar-mart dövründə “Nikoil Bank”ın cəmi gəlirləri 19 milyon 219 min manat, cəmi xərcləri isə 10 milyon 95 min manat təşkil edib. Nəticədə Bankın 9 milyon 125 min manat əməliyyat mənfəəti yaranıb. Əməliyyat mənfəətinin 6 milyon 99 min manatı ehtiyatlara ayrıldığından Bank ilk rübü 3 milyon 26 min manat xalis mənfəət ilə başa vurub.
 
Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin 1-ci rübündə “Nikoil Bank”ın cəmi gəlirləri 17 milyon 974 min manat, cəmi xərcləri isə 9 milyon 380 min manat təşki etmiş, nəticədə 8 milyon 593 min manat əməliyyat mənfəəti qalmışdı. Depozit və kredit itkiləri üçün yaradılan ehtiyatlara 8 milyon 902 min manat ayırma nəzərdə tutduğundan Bank 2018-ci ilin birinci rübündə 309 min manat zərər açıqlamışdı.
 
Ötən ilin ik rübü ilə müqayisədə 2019-cu ilin ilk rübündə “Nikoil Bank”ın cəmi gəlirləri 1 milyon 245 min manat, cəmi xərcləri isə 715 min manat artıb. Gəlirlərin artmasının xərclərin artmasını üstələməsi ilə “Nikoil Bank”ın əməliyyat mənfəəti 530 min manat daha çox olub.

Qeyd edək ki, “Nikoil” İnvestisiya-Kommersiya Bankı “TBC Bank” Azərbaycandakı biznesini inkişaf etdirmək məqsədilə ilə strateji tərəfdaşlıq haqqında saziş imzalayıb. Sazişə görə, “TBC Bank”ın Azərbaycanda törəməsi “TBC Kredit” bank olmayan kredit təşkilatı “Nikoil Bank” ilə birləşəcək. Birləşmədən sonra “TBC Bank” birləşmiş kredit strukturunda 10%-dək pay sahibi olacaq. Eyni zamanda “TBC Bank”, 50% + 1 səhm payına sahib olmaq məqsədilə birləşmiş təşkilatın əlavə səhmlərinin əldə edilməsi üçün 3 illik koll-opsion alacaq. 
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department