Sosial iqtisadiyyat

“10 milyonuncu sakini müəyyənləşdirmək üçün operativ qərargah yaratmışdıq” - MÜSAHİBƏ

Rauf Səlimov: “Azərbaycanlıların orta ömür uzunluğu 73,6 yaşdan 75,8 yaşadək artıb”

 

2019-cu il aprelin 6-da saat 03:30-da Bakı şəhərində ölkənin 10 milyonuncu sakini doğuldu. Respublikanın hər yerində böyük coşqu ilə qeyd edilən əlamətdar hadisə həm də bəzi suallar doğurur. Məsələn, 10 milyonuncu vətəndaşın seçim prosesi necə olub?

"BI" Dövlət Statistika Komitəsinin (DSK) sədr müavini Rauf Səlimovun musahibəsini təqdim edir


- Rauf müəllim, hazırda əksəriyyəti maraqlandıran sual budur: necə oldu ki, Azərbaycanın 10 milyonuncu vətəndaşının məhz 2019-cu il aprelin 6-da saat 03:30-da Respublika Perinatal Mərkəzində dünyaya gələn körpə olduğu müəyyənləşdi?

 

- Bəli, aprel ayının 6-da ölkəmizin 10 milyonuncu sakini doğuldu. Bu, hamını sevindirən tarixi hadisədir. Qeyd edim ki, bu məlumatlar Dövlət Statistika Komitəsinin apardığı cari uçot məlumatları əsasında əldə olunur.
 

- Cari uçot dedikdə nə nəzərdə tutulur?
 

- Bunlar əhalinin sonuncu siyahıyaalınması məlumatları əsasında hazırlanır. Həmin rəqəmlərin üzərinə hər il ölkədə doğulan və ölkəyə daimi yaşamaq üçün gələnlərin sayı toplanır. Həmin rəqəmdən ölənlərin və ölkədən gedənlərin sayı çıxıldıqdan sonra yekun rəqəm alınır. Hər ayın 12-dək Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi və Dövlət Miqrasiya Xidməti tərəfindən müvafiq məlumatlar toplanaraq bizə ötürülür və Komitədə emal edilir. Cari uçot əsasında hər ayın 1-i vəziyyətinə əhalinin sayını açıqlayırıq.


- O zaman təhlillər zamanı Azərbaycan vətəndaşlarının sayının 10 milyona yaxınlaşdığı sizə əvvəlcədən məlum olub...


- Əlbəttə. Fevral ayının 1-i vəziyyətinə olan məlumatları əhalinin artım dinamikasına əsasən təhlil edərkən gördük ki, ölkədə 10 milyonuncu sakinin doğulması təxminən mart ayının sonu aprel ayının əvvəllərinə düşür. Prosesin real vaxt rejimində müşahidəsini aparmaq üçün dərhal Səhiyyə Nazirliyində operativ qərargah yaradıldı. Oraya dövlət qurumlarından mütəxəssislər daxil edildi. Doğulanlar, ölənlər, ölkəyə gələnlər və ölkədən gedənlər haqqında bütün məlumatlar qərargaha ötürülməyə başladı və monitorinq sistemi quruldu. Nəhayət aprelin 6-da məlum oldu ki, 10 milyonuncu sakin saat 03:30-da keçmiş Ağdərə rayon sakini, hazırda Ağdam rayonunun Baş Güneytəpə kəndində qeydiyyatda olan məcburi köçkün Nigar Ocaqova və Rauf Həsənovun ailəsində dünyaya gəlib.
 

- Əhalinin say hesabı ilə qeydiyyatı məsələsinə aydınlıq gətirmənizi istərdim. Maraqlıdır, statistik məlumatlarda hər birimizin neçənci vətəndaş olduğumuz qeyd olunubmu? Bunun əsasında 4, 5, 6, 7, 8 milyonuncu vətəndaşlarımızın kimliyini müəyyən etmək mümkündürmü?
 

8 və 9 milyonuncu vətəndaşlarımızın kimliyi məlumdur. 8 milyonuncu vətəndaşımız  1999-cu ildə Naxçıvanda doğulub. 9 milyonuncu vətəndaşımız isə 2010-cu il yanvarın 15-də dünyaya gəlib. O da Naxçıvanda doğulub. 7 milyonuncu vətəndaşımızın doğulması təxminən 1989-1990-cı illərə düşür. Bu isə SSRİ vaxtına təsadüf edir. O vaxt da müstəqil dövlət olmadığımızdan milyonuncu vətəndaşın doğulmasının təmtəraqlı qeyd olunması praktikası yox idi.
 

- Bəs 9.999.999-cu vətəndaş kim idi ki, balaca qızımızın 10 milyonuncu olduğu müəyyən edildi?
 

- Bunu yalnız Səhiyyə Nazirliyi deyə bilər. Bu il aprelin 1-i vəziyyətinə əhalinin sayı 9.999.110 nəfər idi. 10 milyona çatmaq üçün 890 nəfərin doğulması lazım idi. Aprelin ilk 5 günü və 6-sı günü 3 saat 30 dəqiqə müddətində ölkədə 890 nəfər doğulub. Və tarixə düşən körpə də aprel ayında doğulan 890-cı uşaqdır. 
 

- Birləşmiş Millətlər Təşkilatının (BMT)  İqtisadi və Sosial Məsələlər Departamentinin (DESA) hesabatında bildirilib ki, Azərbaycan əhalisinin sayı 2050-ci ildə 11 milyon olacaq. Maraqlıdır, hesabatda səslənən rəqəm əhalinin hazırkı artım dinamikası ilə üst-üstə düşürmü?
 

- Son 9 il ərzində Azərbaycan əhalisi 1 milyon artıb. Ölkənin 9 milyonuncu sakini 2010-cu ildə yanvarın 15-də doğulub. Sonra isə 9 il 3 ay keçən müddət ərzində daha 1 milyon artaraq, 10 milyon olduq. Artım tempi bu cür davam edərsə, təxminən 9-10 il ərzində əhalinin sayının daha 1 milyon aratacağını deyə bilərik.
 

- Amma bir məsələ var ki, getdikcə Azərbaycanda çoxuşaqlı ailələrin sayı azalır. Yəni rəsmi statistika olmasa belə, bunu ətrafımızdan aydın şəkildə müşahidə edə bilərik. Bu gün qurulan ailələrdəki valideynlər ən yaxşı halda bir, yaxud iki uşaq sahibi olmaq istəyirlər.
 

- Maraqlı sualdır. Amma bunun dəqiq cavabı əhalinin növbəti siyahıyaalınması zamanı müəyyən olunacaq. Bu, yalnız 10 ildən bir sorğu əsasında müəyyən edilərək, dəqiqləşdirilir ki, hər ailədə neçə uşaq var. Ümumiyyətlə, ola bilər ki, belə bir tendensiya var. Amma bunu da demoqraflar təhlil edib səbəbini müəyyən etməlidirlər.
 

- Ümumiyyətlə, demoqrafik artımı şərtləndirəm amillər hansılardır? Azərbaycan əhalisinin demoqrafik artımını qənaətbəxş hesab etmək olarmı?
 

Əhalinin artımını təhlil edərkən artımın hansı fonda baş verdiyini görürük. Qonşu ölkələrdə doğumun səviyyəsi aşağıdır. Bizdə həyata keçirilən dövlət islahatları, müxtəlif strategiyaların inkişafı və digər məsələlər əhalinin artım dinamikasının stabil qalması amillərini şərtləndirir.  İlkin olaraq sosial-iqtisadi vəziyyətin, səhiyyənin inkişafı qeyd edilməlidir. Son 9 ildə 45 yeni xəstəxana, 85 ambulator poliklinika müəssisəsi istifadəyə verilib, yüzlərlə xəstəxana, poliklinika əsaslı təmir olunub, ümumi sahəsi 19 milyon kvadratmetr olan yaşayış evləri istifadəyə verilib, o cümlədən sosial mənzillərin tikilməsi davam etdirilir. Son  9 ildə 811 yeni ümumtəhsil müəssisəsi, 157 məktəbəqədər təhsil müəssisəsi, 17 olimpiya idman kompleksi tikilərək istifadəyə verilib. Ümumiyyətlə sosial sferanın inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Praktika da göstərir ki, hər il dövlət büdcəsindən ayrılan vəsaitlərin həcmi artır. Son 9 il ərzində ölkədə sosial müdafiə və sosial təminat xərcləri 2 dəfə, səhiyyə xərcləri 1,8 dəfə artıb, işsizlik səviyyəsi 5,7 faizdən 4,9 faizə kimi, yoxsulluq səviyyəsi 10,9 faizdən 5,1 faizə kimi enib, yeni iş yerləri açılıb. Hər 100 ailəyə düşən şəxsi minik avtomobillərinin sayı 40-dan 53-ə yüksəlib. Bütün bunlar əhalinin rifah halının yaxşılaşmasının göstəriciləridir.

Bir məqamı da qeyd edim. 2018-ci ildə ölkəyə daimi yaşamaq üçün gələnlərin sayı eyni məqsədlə ölkədən gedənlərin sayından 2 dəfə çox olub. Artıq bir neçə ildir ki, miqrasiya saldomuz müsbətdir. Daimi yaşamaq üçün bizə daha çox gəlirlər, nəninki ölkədən gedirlər. 
 

- Maraqlıdır, Azərbaycana daimi yaşamaq üçün gələnlər daha çox hansı ölkə vətəndaşlarıdır?
 

- Əsasən azərbaycanlılardır. Vaxtilə Rusiya və başqa ölkələrə işləmək üçün getmiş insanlardır. Hazırda Azərbaycandakı vəziyyət onların yaşadıqları ölkədən yaxşıdır ki, bura qayıdırlar.
 

- Hazırda azərbaycanlıların orta ömür uzunluğu neçədir?
 

- Orta ömür uzunluğunda da artım tendensiyası müşahidə edilir. Azərbaycanlıların orta ömür uzunluğu 73,6 yaşdan 75,8 yaşadək artıb.
 

- Bəs Azərbaycanın ən uzunömürlü vətəndaşının neçə yaşı var və o hansı bölgədə yaşayır?
 

- Bu sualın da cavabı əhalinin növbəti siyahıyaalınması zamanı müəyyənləşəcək. Keçən siyahıyaalmada 100 və yuxarı yaşda olan bütün şəxslərin siyahısı olan kitabça buraxmışdıq. Yəqin ki, bu dəfə də uzunömürlülərin adı, soyadı, hansı bölgədən olduğunu göstərməklə kitab buraxacağıq.
 

- Yeri gəlmişkən, əhalinin siyahıyaalınması ilə bağlı işlər hansı mərhələdədir?
 

- Proses Nazirlər Kabinetinin təsdiq etdiyi işlər planına uyğun olaraq davam etdirilir. Ötən il Qəbələdə sınaq siyahıyaalma keçirilib. Onun əsasında sorğu anketləri, proqram təminatları və digər məsələlər sınaqdan keçirilir. Biz artıq maarifləndirmə kampaniyasına başlamışıq. Maariləndirmə çərçivəsində videoçarxlar hazırlanır. Əhalini əvvəlcədən proseslərə hazırlamaq üçün yaşayış məntəqələrində plakatlar asılacaq, lövhələr vurulacaq. Hazırda siyahıyaalma ilə bağlı heç bir problemimiz yoxdur.
 

- Bəs Azərbaycan əhalisinin yeni siyahısı nə vaxt açıqlanacaq?
 

- Əhalinin növbəti siyahıyaalınması 2019-cu ildə keçiriləcək. 2020-ci ildə məlumatların elektoron məlumat bazasına daxil edilməsi prosesinə start veriləcək. 2021-ci ildə əhalinin yeni siyahısını açıqlaya biləcəyik. 2022-ci ilin birinci yarısında isə 30-40 cilddən ibarət geniş külliyyatlar çap olunacaq və saytda da yerləşdiriləcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)