Ali Məhkəmə sədri əmr imzaladı: komissiya yaradıldı
Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli fərmanından irəli gələn vəzifələrin icrasının təşkili ilə bağlı Ali Məhkəməsində Ramiz Rzayevin sədrliyi ilə geniş müşavirə keçirilib.
"BI"nin məlumatına görə, müzakirələrdə ölkə başçısının rəhbərliyi ilə aparılan islahatlar çərçivəsində məhkəmə sisteminin inkişafı üzrə bir çox mühüm tədbirlərin həyata keçirildiyi, o cümlədən, qanunvericiliyin təkmilləşdirildiyi, xüsusi dövlət proqramlarının qəbul edildiyi, ədalət mühakiməsinə əlçatanlığın asanlaşdığı, məhkəmə və ədliyyə infrastrukturunun müasirləşdirildiyi, məhkəmə-hüquq sistemində kompleks tədbirlərin həyata keçirilməsi ilə bağlı işlərin yerinə yetirildiyi qeyd edilib.
Dövlət başçısının yeni fərmanı ilə bu sahədə islahatların dərinləşdirilməsi, məhkəmələrə müraciət imkanlarının daha da genişləndirilməsi, məhkəmələrin fəaliyyətində şəffaflığın artırılması, məhkəmə icraatının effektivliyinin yüksəldilməsi, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılmasının yeni mərhələdə müasir çağırışlara uyğun və sistemli davam etdirilməsi, məhkəmə sisteminin gələcək inkişafı üçün strateji prioritetləri müəyyən edilib.
Fərmanın icrası ilə bağlı Ali Məhkəməsinin sədri tərəfindən əmr imzalanıb və xüsusi komissiya yaradılıb.
Komissiya tərəfindən fərmandan irəli gələn məsələlərin icrası ilə bağlı tədbirlər planı işlənib hazırlanıb və təxirə salınmadan həyata keçirilməsinə başlanıb.